Rəsmi dövlət qəzeti ARDHŞ prezidentinin fəaliyyətini tənqid etdi
Rəsmi dövlət qəzeti “Azərbaycan”da “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti tənqid olunub. Qəzetin dünənki sayında “Qazlaşdırma niyə “axsayır” sərlövhəli yazıdan bəzi hissələri təqdim edirik: “Bu ilə qədər yaşayış məntəqələrinin qazlaşdırılmasının gedişini normal saymaq olardı. Ancaq əksər bölgələrdə əhalinin təbii qazla təmin edilməsində ləngimələr və qeyri-müəyyənliklər o həddə çatdı ki, dövlət başçısı da məsələ ilə bağlı Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kəskin danışmalı oldu.
Qazlaşdırmanın ləng getdiyi, yumşaq desək, axsadığı rayonlardan biri də Göyçaydır. Rayonun 56 yaşayış məntəqəsindən (Göyçay şəhəri də daxil) 36-da təbii qaz yoxdur. Keçmişdənqalma qaz xətləri çürüyüb, dağılıb, yenisi isə çəkilmir. Yaşayış məntəqələrinin 64,3 faizi, əhalinin 41,8 faizi təbii qaz üzünə həsrətdir.
Göyçay RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətov söhbət zamanı bildirdi ki, 2014-cü ildə qaz xətlərinin təmiri və ya çəkilişi ilə bağlı heç bir iş görülməyib. Ümumiyyətlə, “Azəriqaz”ın bu ilin 7 ayı ərzində rayonda heç bir fəaliyyəti olmayıb!
Ədalət Dövlətov onu da qeyd etdi ki, RİH başçısı Mənsur Məmmədovun səyyar qəbullarında əhali tərəfindən ən çox qaldırılan və narazılıq edilən məsələ qaz çəkilişinin olmaması və ya işin yarımçıq dayandırılmasıdır”.
“Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Dövlət Heft Şirkətinin tərkibində fəaliyyət göstərir. “Azəriqaz”ın tənqidi əslində ARDHŞ prezidenti Rövnəq Abdullayevin tənqidi kimi qiymətləndirilməlidir.