Məhəmməd Talıblı: «Mərkəzi Bankın uçot dərəcələri vasitəsilə kreditlərin faiz dərəcəsinə təsir imkanları yoxdur»
Mərkəzi Bank uçot dərəcəsini yenidən azaldıb. Bankın İdarə Heyəti 30 iyul 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4,25%-dən 3,5%-ə endirilməsi barədə qərar qəbul edib.
Mərkəzi Bankın yaydığı məlumata görə, faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 6%-dən 5%-ə, aşağı həddi isə 0.5%-dən 0.1%-ə endirilib. Eyni zamanda, bankların bütün depozitləri üzrə məcburi ehtiyat normaları 3%-dən 2%-ə endirilib.
Qeyd edək ki, Mərkəzi Bank bəzən ildə bir neçə dəfə uçot dərəcəni azaltsa da, bu, ölkədəki bankların faiz dərəcələri ilə bağlı siyasətinə ciddi təsir göstərə bilmir.
İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı Mərkəzi Bankın uçot dərəcələrinin azalmasının istehlak və biznes kreditlərinin faiz dərəcələrinə təsir etməli olduğu halda bunun baş vermədiyini deyir.
2007-ci ildə 12% olan uçot dərəcəsi 3,5%-a çatsa, da banklarda kreditlərin faiz dərəcələri düşməyib. Bu göstəricisi ortalama olaraq 26-34% arası dəyişir. Bu da onu göstərir ki, ölkədə uçot dərəcələrinin aşağı düşməsi ilə kreditlərin faiz dərəcələrinin yüksəlməsi arasında birbaşa əlaqə yoxdur. Əksinə, uçot dərəcələrinin aşağı düşməsi kredit faizlərinin yüksəlməsinə səbəb olur.
Ekspertin sözlərinə görə, belə vəziyyətin yaranmasına səbəb bank sektorunda mövcud monopoliya, bu sektorda oyun qaydalarının əlverişli olmaması və Mərkəzi Bankın monitar siyasətinin effektiv qurulmamasındadır: «MDB məkanında ortalama uçot dərəcələri bizdən yüksəkdir. Amma həmin ölkələrdə kreditlərin faiz dərəcələri 10-20 faiz arası dəyişir. Bu onu göstərir ki, əslində bizdə uçot dərəcələrinin mövcud göstəriciləri ilə kredit faiz dərəcələri arasında birbaşa əlaqə yoxdur. Bu da ölkədə monitar siyasətlə bağlı paradoksal vəziyyəti ifadə edir. Bank sektorunda mövcud oyun qaydaları və həyata keçirilən siyasət effektiv deyil. Mərkəzi Bankın uçot dərəcələri vasitəsilə kreditlərin faiz dərəcəsinə təsir imkanları yoxdur».
M.Talıblı əslində Mərkəzi Bankın kommersiya banklarının fəaliyyətini tənzimləməli, onun institusional istiqamətlərini müəyyənləşdirməli olduğunu deyir. Lakin Mərkəzi Bankın bank sektorundakı mövcud proseslərə təsir edə bilməməsi onu deməyə əsas verir ki, Mərkəzi Bank ölkədə kommersiya bankları üçün müəyyənləşdirdiyi mövcud oyun qaydalarına təsir imkanlarını tamamilə itirib. Bu isə o deməkdir ki, Mərkəzi Bank bank sektorunda faiz dərəcələrini aşağı salmaq üçün digər vasitələrə əl atmalıdır. Əks halda kommersiya banklarında kreditlərin faiz dərəcələri yüksək olaraq qalacaq.
Fizzə