«Rusiya strukturalrı ilə işləyənlərə qarşı cəza tətbirlərinin görülməsi istisna olunmur»
Avropa Birliyi və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları genişləndikdə bu ölkə ilə iş birliyi olan dövlətlərin də müəyyən çətinliklərlə üzləşəcəyi qaçılmaz olur. İran nümunəsi də göstərir ki, Qərbin sanksiyalarına məhəl qoymayan şirkətlər, hətta dövlətlər özləri üçün əlavə problemlər yarada bilər. Mütamadi olaraq ölkədə Rusiya ilə birgə biznes-forumlar təşkil edən Azərbaycan hökuməti də bunu nəzərə almalıdır.
Bəs Qərb sanksiyalara məhəl qoymayaraq Rusiya ilə iqtisadi əlaqələri davam etdirən ölkələrə hansı münasibəti göstərəcək?
Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkəni Ukrayna ilə bağlı yürütdüyü siyasətdən imtina etmək məqsədi daşıyır. İlk növbədə adı sanksiya siyahısına düşmüş iki bankın Qərb ölkələrində işləmək imkanlarının hədsiz məhdudlaşdırılacağı gözlənilir. Onlar Qərbdən kredit almaq imkanlarından məhrum ediləcək. Adətən sanksiyaların effektiv olması üçün nəzərdə tutulan məhdudlaşdırıcı, qadağanedici tədbirlər geniş miqyasda tətbiq edilir.
Ekspertlər hesab edir ki, Rusiyanın sanksiyalara məruz qalan bankları ilə işləyənlərin nəzərdə tutulan tədbirlərə uyğun hərəkət etməsi vacibdir. Qərb ölkələri uzun müddət ərzində İrana qarşı ciddi sanksiyalar tətbiq etdilər. Bu zaman sanksiyalarda nəzərdə tutulan tətbirləri görməyənlərə qarşı çox sərt münasibət oldu. Nəinki ayrı-ayrı şirkətlər, hətta ayrı-ayrı ölkələrə qarşı da sərt addımlar atıldı. Sanksiyaların tətbiqinin müəyyən mərhələsində adları siyahıda olan Rusiya strukturalrı ilə işləyənlərə qarşı da cəza tətbirlərinin görülməsi də istisna olunmur.
Ekspertlər Rusiyanın sanksiya siyahısında olan şirkətləri ilə Azərbaycanın əməkdaşlığının müəyyən mərhələdə Azərbaycana qarşı ciddi təzyiqlərlə nəticələcəyini istisna etmir. Qərb və Rusiya münasibətlərində artıq çox gərgin dövr başlayıb. Bu mərhələ Qərbi dəstəkləməyən ölkələrə münasibətin sərtləşməsi ilə müşayət olunacaq.
Fizzə