Həbsdə olan rejissor Kənan Mahmudov (Kənan M. M.) azadlığa buraxılıb.
Bu barədə APA-ya hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib. O, bildirib ki, K. Mahmudov Binəqədi rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Qeyd edək ki, Kənan M. M. Vüqar Muradov adlı müğənninin şikayət ərizəsi əsasında iyulun 29-da həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham elan edilib. Lakin sonradan V. Muradov şikayət ərizəsini geri götürüb. Bundan sonra Kənan Mahmudov azadlığa buraxılıb.
***
Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama verib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Kənan Mahmudov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən təqsirləndirilən şəxs qismində saxlanılıb. Hazırda o, Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov qafqazinfo-ya açıqlamasında bildirib ki, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət ediblər. Muradovlar müraciətlərində bildiriblər ki, Kənan bir qrup şəxslə zor tətbiq edərək onları döyüb. DİN sözçüsü görülən tədbirlər nəticəsində rejissorun saxlanıldığını və qarşı tərəfin əməlini etiraf etdiyini qeyd edib. Bundan sonra Cinayət Məcəlləsinin 221-ci maddəi ilə barəsində cinayət işi açılıb və həbs olunub. Hazırda faktla bağlı istintaq aparılır.
Qeyd edək ki, Vüqar Muradov “Yeni Ulduz” yarışmasının iştirakçısı olub və hazırda müğənni kimi tanınır.