Onlar – üç qorxmaz, üç qoçaq, üç igid – kəndlərini görməyə gediblər: Dilqəm, Şahbaz, Həsən. Kəlbəcəri, onların kəndi ilə birgə, 1993-dən ermənilər tutublar. Ərəbcə bunun adı IŞĞALdır. Onlar bütün yerliləri kimi 93-dən bu yana rayonlarını, kəndlərini görməyiblər. Doğma rayonlarını, kəndlərini görmək istəyi onlara güc gəlib. Ölümlərini gözlərinin altına alaraq rayonlarını, kəndlərini görməyə gediblər. Gediblər, doğma yurd-yuvaları kimi özləri də azğın, yüz illərdən bəri TÜRK qanına susamış erməni əlinə keçiblər. Ermənilər Həsəni öldürüb, Dilqəmlə Şahbazı diri tutublar. Iyulun başlanğıcında Kəlbəcərdə baş verən, indi çoxlarına bəlli olayın qısaca xronikası belədir.
Ermənilər Dilqəmlə, Şahbazla bağlı “təxribat törətmək”, “sınırı qanunsuz keçmək” kimi suçlama irəli sürüblər. Yayılan soraqlara görə, “rəsmi Bakı həmin şəxslərin azad edilməsini tələb edib və bildirib ki, onlar təxribatçı deyil, sadəcə öz vətənlərinə getmək istəyən sakinlərdir” Sözsüz, “rəsmi Bakı” bununla da işini bitmiş sayır – özləri bu dediklərinin bir işə yaramayacağını, fitlə donuzun darıdan çıxmayacağını bilə-bilə. Bu isə indiki rejimin xalqa daha bir xəyanəti deməkdir. Ermənilər Göyçə-Zəngəzurdan, Irəvandan bu yana Azərbaycan torpaqlarını qanlı qırğın yoluyla tuta-tuta üstümüzə yürüməkdədirlər. 1994 “atəşkəsindən” indiyədək ermənilər az qala 20 min yurddaşımizı öldürüblər.
Dağlıq Qarabağın üstündən 7 rayonumuzu ələ keçirən ermənilər illərdir oralarda arın-arxayın at oynadırlar. Bu azmış kimi onlar sınırboyu Azərbaycan bölgələrini illərlə gülləyə tutur, dinc adamlara belə dünclik verməməklə, demək olar, bütün ölkəni qorxu altında saxlayırlar. Illərlə sürən, bir çoxu ölüm-itimli erməni saldırıları ilə bağlı rejim bizi ancaq ANS-in əttökən soraqları ilə arxayınlaşdırır: “Düşmən cavab atəşilə susdurulmuşdur”. Bir də “Azərbaycan prezidenti”, “ali baş komandan” adlanan kimsənin belə çıxışlarıyla: “Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən qat-qat böyükdür, bizim ordumuz regionun ən güclü ordusudur”. Ermənilərsə ortaya, yuxarıda göstərildiyi kimi, güc faktı çıxarır, bizimlə kefləri istəyən sayaq davranırlar. Hələ mən AzTVlərin bildirdiyinə görə, “yoxsulluqdan, aclıqdan qırılıb-batan, dağılan Ermənistanda” orta oxul öyrəncilərinə sulu yemək verildiyini, ermənilərdə Təhsil göstəricilərinin bizdəkindən qat-qat yüksək olduğunu demirəm. Kimin güclü, kimin üstün olduğunu yalançı çıxışlar göstərə bilməz, faktlar göstərir.
Fələstin yaraqlıları 19 yaşlı yəhudi Şalidi tutub saxlamışdılar. Israil dövləti ayağa qalxdı, Israil ordusu Fələstini raket yağışına tutmaqla Şalidi sapsağlam geri aldı. Dövlətin də, ordunun da gücü – gerçək gücü özünü belə göstərdi: Dövlət, Ordu bütün gücüylə yurddaşa arxa çıxdı, dayaq durdu! Israilin “rəsmi Bakısı” onda xalqı aldadıb arxayınlaşdırmağa yönəlmiş boş-boşuna bildirilərə baş vurmadı – düşmənin başını əzməyə, işini bitirməyə yönəlik girişimlərdə bulundu. Dövlət də, Ordu da istəyinə irişməyincə toxdamadı. Bir yurddaşa görə! Dövlət, Ordu belə olar! Bəlli olduğu kimi, belə Dövlət, belə Ordu xalqla hakimiyətin birliyinə bağlı olur. Xalqla hakimiyətin bir olmadığı, demokratiya yerinə diktatura qurulan ölkələrdə ortaya indiki Azərbaycan görsənişi çıxır: dövlət, ordu adına yalan-palan çıxışlar…
Xalqın seçimiylə Ukraynada yenicə prezident postunu tutan Petro Poroşenko Rusiya kimi böyük bir güclə baş-başa gəlməkdən qorxmayaraq bildirir: “Öldürülən hər bir Ukrayna əsgərinə görə onlarla, yüzlərlə separatçı öldürüləcək”. Azərbaycanın 20 faiz torpağında separatçılar at oynadır, azğınlıq, qudurğanlıq nə yerə çatıbsa onlar doğma yurdunu görmək üstəyən Azərbaycan yurddaşını “təxribatda, sınırı aşmaqda” suçlayaraq öldürür, tutuqlayırlar. Bizdəsə nə xalqda tərpəniş var, nə dövlətdə-orduda…