Məhəmməd Talıblı: «Azərbaycanın inkişafı Qərb və Avropa ilə əlaqələrin genişləndirilməsindən keçir»
Xəbər verildiyi kimi, Bakıda avqustun 7-də Azərbaycan-Iran biznes forumu keçiriləcək. Tədbirdə ticarət, qida sənayesi, kənd təsərrüfatı, mühəndislik, tikinti və tikinti materiallarının istehsalı, nəqliyyat, dənizçilik və logistika, kimya məmulatlarının istehsalı, səhiyyə, IKT, konsaltinq və digər sektorları təmsil edən 50-dək Iran şirkəti iştirak edəcək.
Xatırladaq ki, Azərbaycan bugünədək daha çox iqtisadiyyatı, müasir texnologiyaları inkişaf etmiş Avropa dövlətlərilə biznes əlaqələri qurmağa üstünlük verib. Son zamanlar isə Iran və Rusiya kimi ölkələrlə iqtisadi əməkdaşlığa başlanması görəsən, Azərbaycan iqtisadiyyatına nə verə bilər? Çünki adıçəkilən ölkələr müasir texnologiyalar və iqtisadi inkişaf baxımından demək olar ki, Azərbaycandan irəlidə deyil. Bu mənada, sanksiyalardan yenicə yaxa qurtarmış Iran, hazırda sanksiyalar altında olan Rusiya kimi ölkələr Azərbaycanın iqtisadi inkişafına hansı töhfələr verə bilər?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı deyir ki, Azərbaycan hökuməti özü də hazırda Rusiya, Iran kimi ölkələrlə iqtisadi əməkdaşlıq qurmaqda maraqlıdır: “Iranla Azərbaycanın iqtisadi əlaqələrinin perspektivinə gəlincə, təbii ki, Iran və Rusiyanın qonşu dövlətlərlə əlaqələri geopolitik baxımından başadüşüləndir”.
Ekspert yada salır ki, Azərbaycanın Naxçıvana gedən yolunun Irandan keçməsi, sərhəddə çox ciddi maneələrin olması, son dövrlər Iran-Azərbaycan gömrüyündə süni problemlərin yaradılması, gömrüyün bağlı qalması, Iranın müəyyən zamanda gömrük baryerini sərtləşdirməsi və Azərbaycana qarşı davamlı təhdidlər kimi bir xeyli problemlər yaşanıb: “Buna baxmayaraq, eyni coğrafi məkana görə Azərbaycanın bu ölkələrlə əməkdaşlığı mümkündür. Amma Avropa və Qərb ölkələri olmadan belə əməkdaşlıq sadəcə, Azərbaycanın iqtisadiyyatı üçün əsas ola bilməz”.
Ekspert hesab edir ki, Azərbaycanın Rusiya və Iranla əməkdaşlığı strateji əməkdaşlıq çərçivəsində mümkün deyil. Məhəmməd Talıblının sözlərinə görə, Azərbaycanın inkişafı Qərb və Avropa dəyərlərinə inteqrasiyası, iqtisadi əlaqələrin genişləndirilməsi və intensivləşdirilməsindən keçir.
Nigar