Gürcüstanda otellər Azərbaycandan 7 dəfə çox vergi ödəyib
Natiq Cəfərli: «Otellər görüntü xatirinə, imic proyektləri kimi açılıb və biznes təfəkkürü ilə idarə olunmur»
İl ərzində otel və mehmanxana tipli obyektlərin vergi artımı 65,9% olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu obyektlər büdcəyə 29 mln 951,3 min manat vergi ödəyib.
“Azərbaycanda turizm və xidmətlər” statistik hesabatında bildirilir ki, 2008-2013-cü illərdə otel və mehmanxana tipli obyektlər büdcəyə vergi ödənişini 2,14 dəfə artırıb. Rəsmi rəqəmlərə görə, 1 yanvar 2014-cü il üçün ölkədə 530 otel və mehmanxana tipli obyekt (+3,1%) olub.
Ümumi nömrə sayı 16 min 559 (+4,2%), işçi sayı 8 min 259-dur (+12,8%). Otel və mehmanxana tipli obyektlərin 2013-cü ildə gəlirləri 171 mln 255,9 min manat olub. (+11,2%). Müqayisə üçün deyək ki, Gürcüstan büdcəsinə ötən il $ 730 mln mədaxil olub. (turan)
Gürcüstanla müqayisədə otel və mehmanxana tipli obyektlərin büdcəyə ödədiyi verginin bu qədər az olması diqqətdən kənarda qala bilməz. Azərbaycanda qiymətlərin bahalığı ölkəyə turist axınının qarşısını alır. Ancaq istənilən halda fərq çox böyükdür. Üstəlik də ötən illə müqayisədə bu sahənin ödədiyi vergilər azalıb. Bütün bunlar nə ilə izah oluna bilər?
İqtisadçı-ekspert Natiq Cəfərli bunu bir neçə səbəblə izah edir. Ən əsas səbəb odur ki, hakimiyyətin Azərbaycanın qeyri-neft sektorunda turizmi aparıcı yerə gətirmək planı fiaskoya uğradı. Siyasi səbəblərdən biri odur ki, hakimiyyət açılıma getmək və bəzi ölkələrlə viza məsələlərini həll etmək istəmir. Avropa Birliyi, ABŞ, Türkiyə vətəndaşlarının Gürcüstana vizasız gəliş gedişi təmin edilib. Azərbaycan isə bu addımı atmaq istəmir. Dəfələrlə təklif olsa belə, hətta Türkiyə ilə viza rejimi ləğv olunmayıb. Bunun da arxasında siyasi səbəblər durur.
Ekspert Gürcüstandan fərqli olaraq Azərbaycanda turizm obyektlərinin böyük əksəriyyətinin məmurlara məxsus olduğunu deyir. Bu obyektlər biznes təfəkkürü ilə idarə olunmur. Otellər görüntü xatirinə, imic proyektləri kimi açılıb. Bakıda tanınmış otellərin adlarınan istifadə olunur. Ancaq onlar idarəetmədə iştirak etmirlər.
Ekspertin sözlərinə görə, əslində Azərbaycan kimi ölkələrdə əsasən iki-üç ulduzlu ucuz otellər olmalıdır ki, gələn insanlar daha ucuz qiymətə qalsınlar. Çünki turist şirkətləri də təsdiqləyir ki, əsas turizm kütləsini gənclər və təqaüdə çıxmış insanlar təşkil edir. O gənclərin, tələbələrin «Kempinski», «Həyat Recensi», «Marriot» kimi bahalı otellərdə qalmaq imkanı yoxdur. Ona görə də Qafqaza gəlmək istəyən turistlər Gürcüstana üstünlük verir.
Ekspert digər bir problem kimi servisin çox bahalı olmasını göstərir. Azərbaycanla Gürcüstan arasında qiymətlərdə ən azı 3 dəfə fərq var. Bunun də səbəbi korrupsiyanın, inhisarçılığın Azərbaycanda geniş yayılması, Gürcüstanda isə bunun sistem olaraq kökündən kəsilməsidir. Gürcüstanda kiçik və orta biznes üçün ciddi şəraiti yaradılıb.
Ekpertin sözlərinə görə, Azərbaycanda turizmlə məşğul olan qurumlarda elə təsəvvürlər var ki, turist ancaq yeyib-içməyə, yatmağa gəlir. Əslində turistlər hər hansı ölkəyə səfər edərkən onun mədəni abidələrini ziyarət etməyi səfər planlarına daxil edir. Azərbaycanda rəsmi qurumlar mədəniyyət obyektlərinin tanıtımını doğru dürüst təşkil edə bilməyiblər. Bakıya gələn turistlərə ən yaxşı halda İçəri Şəhər, Qız Qalası, Atəşgah və Qobustandan başqa heç nə təklif olunmur. Xəzər dənizinin çirkililik səviyyəsini, servisin çox baha olduğunu nəzərə aldıqda dəniz sahilinə turistlərin gəlməsi problematik olur. Bütün bu məsələlər bir birinin üzərinə gəldikdə belə bir mənzərə yaranır ki, Azərbaycanda turizm qeyri-neft sektorunun aparıcı lokomotivinə çevrilə bilmədi. Bu isə hökumətin apardığı səhv siyasətin nəticəsidir.
Ekspert turizmin multiplikator effektinin olduğunu da qeyd etdi: «Əgər Gürcüstanda turizm şirkətləri və otellər ildə 700 mln dollardan çox vergi verirlərsə, eyni zamanda digər sahələrdə də vergilər artır. Restoran, kafelərin, kənd təsərrüfatı ilə məşğul olan insanların gəlirləri artır. Bunu qardaş Turkiyənin örnəyi çox yaxşı sübut etdi. 80-ci illərdə turizm inkişaf edərkən arxasınca kənd təsərrüfatını, tekstili, yeyintini, xidmət sahələrini çəkib apara bildi. Azərbaycanda belə bir vəziyyətin olmamasının səbəbi odur ki, digər sahələrin inkişafı üçün də şərait yoxdur. Ona görə də turizm də çətinliklə özünə yer tutmağa çalışır. Amma indiki məmur yanaşması ilə bu mümkünsüz olacaq».
Fizzə