Gürcüstanın sabiq prezidenti istintaqa çağrılıb
Gürcüstan prokurorluğunun sabiq prezident Mixail Saakaşvili barəsində cinayət işi qaldırması bir sıra suallar yaradır. Keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, “İmedi” teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.
Prokurorluq hesab edir ki, M.Saakaşvili hər üç ittiham üzrə sabiq daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, Tbilisinin sabiq meri Qiqi Uqulava, Baço və Dato Axalaya qardaşları və həmin dövrdəki digər məmurlarla birgə cavab verməlidir.
Prokurorluq M.Saakaşvilini bu üç cinayətin həyata keçməsi üçün bilavasitə əmr verməkdə ittiham edir. Əgər qaldırılan ittihamlar üzrə onun günahı sübuta yetirilsə, sabiq dövlət başçısını 5 ildən 8 ilədək həbsxana həyatı gözləyir.
Gürcüstanın Avropa Birliyinin kəndarında olduğu bir zamanda belə bir olayın baş verməsi təsadüfi dəyərləndirilmir. Çünki bir qayda olaraq demokratik dövlətlərdə sabiq prezidentlərin qanun qarşısında cavab verməsi nadir hallarda baş verir. Burada həm də dövlətin beynəlxalq imici də nəzərə alınır. Siyasi ekspertlərin fikrincə, Saakaşvilinin hazırda üzləşdiyi durumun baiskarı Rusiyadır. Məhz Rusiyadan gələn təzyiqlər nəticəsində Saakaşviliyə qarşı bu cür ittihamlar irəli sürülüb.
Vəfa Quluzadə: «Baş verənlər sadəcə olaraq Putinin Saakaşvilidən intiqam almaq cəhdidir»
Politoloq Vəfa Quluzadə də hesab edir ki, Saakaşviliyə qarşı ittihamlar Rusiyanın təzyiqi ilə ərsəyə gəlib. Saakaşvilinin Gürcüstan dövləti, xalqı üçün böyük işlər gördüyünü deyən V.Quluzadə vurğuladı ki, bu reallığı beynəlxalq aləm qəbul edir: «Gürcüstan kimi ölkədə korrupsiyanı kəskin şəkildə aşağı salmaq, polisi korrupsiyasız işləməyə vadar etmək asan iş deyildi. Gürcüstan məhz Saakaşvilinin dövründə Qərbə birmənalı inteqrasiya kursu seçdi. Gürcüstanın yeni tarixində əldə olunan uğurların hamısı Saakaşvilinin adı ilə bağlıdır. Hazırkı hakimiyyət də Saakaşvilinin əsasını qoyduğu siyasi kurs ili hərəkət edir».
Amma Saakaşviliyə qarşı bu cür cəhdlərin bir nəticə verməyəcəyini deyən V.Quluzadə bildirdi ki, baş verənlər sadəcə olaraq Putinin Saakaşvilidən intiqam almaq cəhdidir.
Xəyal