Elşad Məmmədov: «Prezident buna «dur» deməsə, xarici ölkələrdən sığınacaq istəyəcəm»
“Mən kimsəni şantaj etmirəm. Haqqımı tələb edirəm. Hacı Ibrahimdən 355 min manatımı almayana qədər geri çəkilən deyiləm. Pulla satın aldığı qəzetlərdə hər həftə mirzələrinə barəmdə hədyanlar yazdırır. Ancaq ona mirzəlik edən dırnaqarası jurnalistlər də bilməlidir ki, haqq-ədalət mənim tərəfimdədi. Əgər dediklərimə inanmırlarsa, istənilən media orqanında Hacı Ibrahimlə debata çıxa bilərəm. Əlimdə olan sənədlər, maliyyə qəbzləri, arayışlar hər şeyi sübut edir”.
Bunu “Azadlıq”a açıqlamasında iş adamı Elşad Məmmədov bir sıra qəzetlərdə guya, onun Hacı Ibrahim Nehrəmlini şantaj etməsi barədə gedən yazılara münasibət bildirərkən deyib.
Bir sıra qəzetlərdə bu mövzuda gedən məqalələrdə açıq-aşkar Hacı Ibrahim Nehrəmli müdafiə olunur. Elşad Məmmədovun əlində mənzil üçün pul ödədiyi qəbzlərin olmasına baxmayaraq, bəzi jurnalistlər iddia edir ki, Hacı Ibrahimin iş adamına heç bir borcu yoxdur. Maraqlıdır ki, həmin fikirlər də Hacı Ibrahimin dilindən səslənmir, jurnalist öz adından yazır.
Elşad Məmmədov bu haqda yazılanların yalan olduğunu deyir. Əlavə edir ki, həyatı boyu heç kimi şantaj etməyib: “Hər şey ortadadır. Mənim kimisə şantaj etməyimlə bağlı bircə faktı sübut kimi ortaya qoysalar, bir daha bu mövzuya qayıtmaram. Əksinə, Hacı Ibrahim həmişə məni şantaj, təhdid edib. Bununla bağlı ölkənin hüquq-mühafizə orqanlarına müraciətlər etmişəm. Onun mühafizəçisi dəfələrlə məni açıq nömrədən həbslə, ölümlə hədələyib. Hacı Ibrahim öz əlaltısı olan qəzetlərə deyib ki, guya, mən Gürcüstana qaçmışam, ”Bandotdel”də olmuşam və orada hər şeyi etiraf etmişəm. Axı, belə bir şey olmayıb. Gürcüstana bir-iki günlük getmişəm, ancaq bu qaçmaq deyil. Harasa getməyi Hacı Ibrahim və onun mirzələri qaçmaq hesab edirsə, onda birinci qaçan Nehrəmlinin özüdü. Çünki hər ay bir ölkəyə istirahətə gedir. “Bandotdel”də də heç vaxt olmamışam. Indi baxın, kim şantac edir, kim şər atır, kimin hüquqları pozulub? Hacı Ibrahim qəzetlərinə deyir ki, guya onun üçün iş görməli, qapı-pəncərə qoymalıydım və bunun müqabilində mənə iki mənzil verəcəkdi. Bu da ağ yalandı. Indiyə qədər heç zaman qapı-pəncərə biznesilə məşğul olmamışam. Əlimdəki maliyyə arayışı və ödədiyim qəbzlərdə də bu barədə heç nə yazılmayıb. Sənədlərdə də göstərilib ki, “Avesta” konserninə məxsus olan “Həsən-96″ MTK-dən 51 və 52 saylı iki mənzil almışam və bunun üçün 355 min manat vəsait ödəmişəm. Hanı qapı-pəncəə müqaviləsi? Əgər belə şey olsaydı, Hacı Ibrahim satın aldığı qəzetlər əleyhimə yazılar yazdırdığı kimi, məni məhkəməyə, polisə sifariş verib həbsə atdırardı”.
Elşad Məmmədov barəsində yazılan “özünü yandırdı”, “ağzını tikdi”, indi də Prezident Administrasiyasının önündə “oturacaq” fikrinə də münasibət bildirib: “Bəli, mən özümü yandırmaq istəmişəm. Bu, kimisə şantaj etmək deyil. Haqqım uğrunda mübarizənin nəticəsiz qalması, üç körpə uşağımla kirayələrdə qalmağımla bağlı idi. Bu il fevralın 1-də – 355 min manat verib iki mənzil almağımın iki ilinin tamamında intihar edəcəkdim. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, şöbə müdiri Vüqar Əliyev və prokuror Nazir Quliyev qəbul edərək haqlı olduğumu bildirdilər. Məhkəmə predmeti olduğu üçün Ali Məhkəmənin Plenumunda işə ədalətlə baxacaqlarına söz verdilər. Yalnız bundan sonra mən fikrimdən daşındım. Ağız tikmək məsələsinə gəlincə, 8 gün aclıq etmişəm. Bu barədə ölkənin əksər media orqanları yazıblar. Sosial şəbəkələrdə, internetdə istədikləri qədər məlumat əldə edə bilərlər. Hər iki cəhdim nəticəsiz qaldı. Artıq heç kimin Hacı Ibrahimlə bacarmadığını görüb, ancaq bu işə ölkə başçısı Ilham Əliyev bir əncam çəkəcəyini düşünüb avqustun 3-də Prezident Administrasiyası önündə gecələyəcəm. Bəlkə ölkə başçısı bu atdığım addımdan sonra başıma gələn haqsızlığa ”dur” dedi. Əgər bunun da bir faydası olmasa, xarici ölkələrə müraciət edib sığınacaq alacam. Çünki bu ölkədə yaşamaq, kiçik bir sahibkar üçün milyonları olan Hacı Ibrahimin əlindən yaşamaq mümkün deyil”.
Ramin DEKO