Belarus hüquq müdafiəçisi: “Ölkənin Azərbaycanlaşmasına imkan verməməliyik”
Ales Belyatski: “Siyasi məhbuslarla dolu olan, insan haqlarının pozulduğu ölkə Avropa strukturuna sədrlik edir, bunun təkrarlanmasına yol vermək olmaz”
Belarusun keçmiş siyasi məhbuslarından biri, hüquq müdafiəçisi Ales Belyatski öz ölkəsinin Avropa Birliyi ilə münasibətləri mövzusunda danışarkən Azərbaycanı pis nümunə kimi göstərib.
İyulun əvvəllərində bir sıra AB ölkələrində olan və Birliyin rəsmiləri ilə görüşlər keçirən hüquq müdafiəçisi yerli “belapan” agentliyinə müsahibəsində narahatlıqla bildirib ki, Minskin Brüssellə münasibətlərinin yaxşılaşması Belarusda struktur islahatlar aparılmadan və vətəndaş cəmiyyətinin iştirakı olmadan baş verə bilər. Belyatski deyib ki, Belarusun vətəndaş cəmiyyəti heç nəyə baxmadan, bu məsələni qaldırmalı və prosesdə iştiraka cəhd göstərməlidir.
“Bu proses hər şeyin dondurulduğu ağ-qara vəziyyətlə müqayisədə əlbəttə ki, mürəkkəbdir. Bu vəziyyət Belarusun ictimai fəalları qarşısında çoxlu suallar qoyur. Biz bu suallara cavab verməliyik. Biz əl-qolumuzu sallayıb gözləməməliyik, hərəkət etməliyik.
Belarusda prosesin Azərbaycansayağı getməsinə, yəni ölkədə vəziyyət pis qaldığı halda, Avropa ilə əlaqələrin normallaşmasına imkan vermək olmaz. İndi Azərbaycan – siyasi məhbuslarla dolu olan, insan haqlarının pozulduğu ölkə birmənalı şəkildə insan haqlarının qorunması üçün yaradılmış Avropa strukturuna (Avropa Şurası Nazirlər Komitəsi – red.) sədrlik edir”, – deyə Belyatski vurğulayıb.
Hüquq müdafiəçisi güman edir ki, rəsmi Minsk AB ilə münasibətləri ölkədə siyasi vəziyyəti dəyişmədən iqtisadi sferada yaxşılaşdırmaq istəyir. “Buna imkan vermək olmaz. Avropa Birliyinin Belarusla əlaqələri ölkədə ictimai-siyasi vəziyyətin yaxşılaşması və siyasi məhbusların azad edilməsi ilə sıx bağlı olmalıdır”, – deyə Belyatski bildirib.
azadliq.info