Sorğu mərkəzinin rəhbəri İbrahim Uslu: “İnsanlar artıq seçimlərini ediblər”
Türkiyədə prezident seçkisi üçün geri sayım başladı. İlk səslər bu gün gömrük qapılarında verilir. Bu arada ölkənin sosioloji sorğu mərkəzlərindən birinin – Ankara Sosyal Araştırmalar Mərkəzinin rəhbəri İbrahim Uslu “Akşam” qəzetinə seçkinin gözlənilən nəticələri barədə danışıb.
“İnsanların beynində seçki artıq bitib. Hər kəs artıq öz seçimini edib. Bizim mərkəzin apardığı da daxil, demək olar ki, bütün araşdırmalara görə baş nazir Ərdoğanın 54-56 faiz səsi var. Böyük ehtimalla baş nazir birinci turda qalib gələcək. Araşdırmalara görə, Ekmələddin İhsanoğlu 37-38, Səlahəddin Dəmirtaş 7-8 faiz səs alacaq. Qarşıdakı çox qısa zamanda bu nisbətin dəyişəcəyi gözlənilmir”, – deyə Uslu bildirib.
Araşdırma mərkəzinin rəhbəri deyib ki, bu seçkidə qərarsız seçicilərin sayı ümumi seçicilərin 10 faizinə qədər azalıb.
Mütəxəssis hesab edir ki, seçkini Ərdoğan udsa da, müxalifətdə hər hansı problem yaşanmayacaq. “Müxalifət partiyaları öz daxillərindəki müxalif qrupları inandıra bildilər. CHP və MHP elektorata belə bir mesaj verə bilər ki, prezident seçkisini onsuz da udmayacaqdıq, bu koalisiyanı 2015-ci il parlament seçkiləri üçün qururuq. Önəmli olan koalisiyanı sınaqdan çıxarmaqdır”, – deyə Uslu qeyd edib.
azadliq.info