Şuşa Rayon Icra Hakimiyyətinin başçısı, Bayram Səfərov ATV-nin keçmiş prezidenti Tağı Ibrahimovun Novxanıda yerləşən 4.5 milyonluq villasını alması barədə yayılan məlumatlara münasibət bildirib. Oxudum, ürəyimdən tikan çıxdı, canıma sarı yağ kimi yayıldı. Ironiyasız. Zarafatsız. Tam ciddi.
Sitat: “Lap 5 milyon yazsınlar. Hamı villa ala bilər, mən yox? Belə şeylərə fikir vermək lazım deyil”.
Doğrudan da fikir vermək lazım deyil. Fikir verərsən, səni Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Fərəc Kərimli kimi oğurlayıb, günlərlə gizlədər, sonra da cibindən nəşə çıxararlar. Əlbəttə, Fərəc bəyə qarşı narkotik ittihamına təəccüblənəcək halda deyilik, onsuz da bu ölkədə narkoman, lap “xuliqan”, “dələduz”, “vətən xaini”, “xalq düşməni”, “anti-milli ünsür” kimi adlar – müxalifətçinin başqa bir adıdır, taleyidir, alın yazısıdır. Sadəcə, rejimin bu dəfə öz sevimli şərləmə metoduna 3 ton heroinlə bağlı qalmaqal fonunda əl atması diqqət çəkir.
Həmin 3 ton heroin barədə hələ də inadla susub fərqli düşünən hər kəsi heroin-meroinlə susdurmağa çalışmaqdadırlar. Boşuna zəhmətdir. Özlərinin üstündən çıxan tonlarla narkotik barədə susa bilərlər, amma həqiqətin yanında olanları susdurmağa cibimizə atdıqları narkotiklər kifayət edə bilməz.
Qayıdaq Bayram Səfərovun sözlərinə. Mən belə danışan yapçıları həmişə sevmişəm, az qalmışam öpüb bağrıma basım. Onlar digərləri kimi maskalanmırlar, danışıqları ilə sistemin mahiyyətini, iç üzünü açıb göstərirlər.
Amma nə sirr-xudadırsa, bizdə belələrini daha çox topa tuturlar, məsələn, Tağı Əhmədov hər ağzını açdıqdan sonra uca millət, sevgili xalqımız az qalırdı onun ətini şişə keçirib sonra da Isa bulağının başında kabab çəksin. Ermənilər də baxıb ağzını sulandırsınlar. Yanıb tökülsünlər. Kabab tüstüsündən və iyindən Ermənistanı daha tez boşaltmaq olar. Gərək bu yolu da yoxlayaq. Bəlkə Lazım elə kabab iyidir, kabab tüstüsüdür, kim bilir.
Uzunçuluğa görə üzr istəyirəm, qayıdaq Tağı Əhmədova. O, nəyi yalan danışırdı axı? Deyirdi, “hər nazirin obyekti onun nazirliyidir, metro da mənim obyektimdir, istəyərəm qiymətləri qaldıraram, istəyərəm yox, kimə nə?”
Bəyəm düz demirdi?
Yaxud, Hacıbala Abutalıbov nə vaxt danışsa, az qala, hərə əlinə bir kötək götürüb düşür üstünə. Heç kim də fərqində deyil ki, əslində, onun leksikonu, düşüncə səviyyəsidir bu rejimin leksikonu, səviyyəsi. Yaptokratiyanın əsl mahiyyəti məhz bu cür məmurların danışdıqlarında üzə çıxır.
Indi də hərə bir tərəfdən Bayram Səfərovu yamanlamaqdadır, soruşurlar ki, maaşın 1000 manat ola-olmaya, bəs 5 milyon manata villanı necə alırsan? Guya, Ilham Əliyev Dubaydakı 70 milyon manatlıq mülkü maaşla alıb? Bəlkə Kəmaləddin Heydərov maaşla yaşayır? Bəlkə Ziya Məmmədov gözünü ayın axırında bankomatdan çıxardığı maaşa dikib?
Ümumiyyətlə, yapçılara tez-tez maaşlarını xatırlatmaq çox komik işdir. Inanın ki, onlar qışda isti, yayda sərin kabinetlərindəki kreslolarına yayılıb belə suallara qəhqəhə çəkərək gülməklə cavab verirlər. Nə maaşbazlıqdı axı?
Bayram Səfərov gül kimi söz danışır ağzında, deyir: “Hamı villa ala bilər, mən yox?”
Vəssalam da! Qısa və konkret! Ən əsası isə təpədən dırnağa həqiqət! Siz də başlamısınız, hansı maaşla? Guya, siz onun nə qədər maaş aldığını bilirsiniz, amma Bayram Səfərov yox?
Bəli, o haqlıdır, “belə şeylərə fikir vermək lazım deyil”. Ümumiyyətlə, bizə fikir lazım deyil. Fikir adamı sökür. Yüz fikir bir borcu ödəmir.
Fikirdənsə filtrsiz siqaret yaxşıdır. Birincini çəkməkdənsə, ikincini çəkmək məsləhətdir. Gör onda yapçılar heç sizi oğurlayarlar?!