Hakimiyyət mediasının, başda AzTV-nin, ITV-nin əlinə qəşəng fürsət düşüb. Klassik rus təlxəyi Vladimir Jirinovski teleməzhəkələrinin birində Azərbaycanın adını çəkib, bəzi sözlər deyib. Rusiya vətəndaşlarını Azərbaycanda istirahətə yönləndirmədiklərinə irad bildirib.
Iki gündür “Heydər Əliyevin doqquz milyon qoyunu var” deyən Jirinovski hakimiyyətin əzizinə çevrilib. Adı dillərdən düşmür. Guya Jirinovskinin tərifi bu ölkədəki reallığın əksidir. Heç elə şey yoxdur. Birinci, görünür, siyasətdən savayı hər şeylə məşğul olan bu sarsaq adamın Ilham Əliyevdən umacağı var, ikincisi, onun məqsədi Azərbaycandan danışıb Rusiyanı pisləmək olub. Ya daha ciddi səbəblər var, bunları təhlil etməkdə deyiləm, bəzi söylədiklərinə dair qeydlərim var.
Jirinovski ruslara Lənkəranda, Astarada dincəlməyi məsləhət görüb. Lənkəranda, Astarada, Masallıda, eləcə də Azərbaycan turizminin ayaq açdığı digər bölgələrdə dincəlmək, Gürcüstanın adını belə çəkmirəm, hətta Türkiyədə bir həftə dincəlməkdən baha başa gəlir. Burda orta yaşayış səviyyəsi olan ailənin istirahəti mümkün deyil. Adam üç gündə bankrot olar. Azərbaycanda gəzmək, gördüklərin nələrəsə təkrar baxmaq olar, amma bunun üçün olan-qalanından keçməlisən.
Vətəndaşlarına Astaraya getməyi məsləhət görən Jirinovski yaxşı bilir ki, bu dəqiqə orta səviyyəli azərbaycanlının çoxu ilboyu boğazından, cibindən kəsib yığdığı pulu Yesentuki, Kislovodsk şəhərlərinin sanatoriyalarında xərcləyir. O şəhərlərin sanatoriyalarında çalışanlar, evlərini azərbaycanlılara kirayə verənlər, mağaza və bazarlarda alver edənlər ilin 4-5 ayını Azərbaycan adamının hesabına dolanırlar.
SSRI zamanından qalan, çox azacıq təkmilləşən onlarla sanatoriyanın əsas sakinləri azərbaycanlılardır. Təxminən belə; bir sanatoriyada bir növbədə 100 nəfər müalicə ala bilirsə, onun 80 nəfəri Azərbaycandan gələndir. Və bunların arasında üç-beş nəfər imkanlı müğənnidən-filandan ola, ya olmaya. Bir az imkanlılar indi Türkiyədədirlər. Onlardan yuxarılar yer kürəsinin fərqli qitələrinə səpələniblər. Yesentukidəkilərin çoxunun cındırından cin hürkür, amma canının dərdinə dərman hayındadır, ömrünü bir qədər uzatmaq istəyir. Azərbaycanda qazandığı xəstəlikləri Rusiyada qoyub gəlmək ümidindədir. Azərbaycan insanı xəstədir. Sözün birbaşa anlamında xəstə. Yessentukiyə axışanların əksəriyyəti şəkər, ürək, əsəb, qan-damar, mədə-bağırsaq xəstəsidir. Bu adamların üzündən əzab yağır. Bu günündən narahat, sabahından ümidsiz şəkildə gündəlik prosedurlara vaxtında yetişmək üçün qarışqa kimi ora-bura vurnuxur. Növbəsiz müalicəyə girməyə çalışır, yerlisini növbəsiz ötürməyə cəhd edir, bunun qarşılığında o biri yerlisindən itin sözünü eşidir. Fırlanan təkər – hər gün eyni şeyin təkrarı.
Müalicədən artıq qalan vaxtlarda haralarasa getməyə, gəzməyə, nəsə almağa pul çatmır ki, həyat bir qədər rəngarəng olsun, ürək açılsın. Insanlar qəpik-qəpuk yığdıqları pulu xərclədikcə canlarından can çıxır. Adamlar xərclədikləri pula görə xəcalət çəkirlər. Azərbaycanda qalan ailə üzvlərinin pulsuzluğu onları əzir. Belədə sanatoriyada alınan müalicənin də köməyi olmur.
Mən orda onlarla vətəndaşımızdan eşitdim bu sözləri: “hökumət hökumət deyil ki, Azərbaycanda da sanatoriya tiksin, vətəndaşını sanatoriyaya göndərsin. Həmkarlar təşkilatları pul yığmağı bilirlər, amma putyovka istəyənə dəli kimi baxırlar”.
Yəni Bakı, Astara Jirinovskinin gözündə yaraşıqlı görünürsə, bu, Azərbaycan insanının yaxşı yaşaması, hökumətin vətəndaşının sağlamlığını qoruması demək deyil. Azərbaycan reallığı Yesentukidən daha aydın görünür. Neynirəm yaraşıqlı Dənizkənarı bulvarı ki, ora özümü dənizə atmaq üçün gedim.
Azadə