«Azadlıq»ın məlumatı hədəfə dəydi
“Azadlıq”ın ötən saylarından birində “Kəmaləddin Heydərov rusdilli sayt açır” başlıqlı məlumat dərc edilib. Həmin məlumatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan media qruplarından birinin nəzdində rusdilli saytın fəaliyyətə başlayacağı bildirilirdi.
Məlumatı “Azadlıq”a ötürən mənbə iddia edir ki, Kəmaləddin Heydərovun bu layihəsi onun Rusiyaya reveranslarının tərkib hissəsidir və “fövqəlnazir” bununla kifayətlənmək niyyətində deyil, şimal qonşumuzla bağlı ictimai, sosial, mədəni layihələr də reallaşdırmaq istəyir.
Məlumatda nə saytın, nə də onun daxil olduğu media qrupunun adı çəkilib. Ona görə yox ki, məlumatın doğruluğuna şübhə ilə yanaşılıb və məsuliyyətdən qaçmaq üçün manevr imkanları yaradılıb. Ona görə ki, məqsəd hədəfin özü-özünü və mahiyyətini bəlli etməsi olub. Və alınıb. Taleyinə indi də Kəmaləddin Heydərovun mirzəsi olmaq yazılmış birisi dərhal məlumata reaksiya verib. Parazit kimi klaviaturiya daraşıb kin-küdurət püskürüb. Bununla da “Azadlıq”ın 10-luğa vurduğunu təsdiqləyib, mirzəsi olduğu naziri ifşa edib.
Kəmaləddin Heydərov üçün “Rusiya mövzusu” həssasdır. Ona görə də mirzələri bu tip məlumatlara reaksiya verməyə tələsməsinlər, onunla məsləhətləşsinlər, “boss”larının asan şəkildə tələyə düşməsinə yardımçı olmasınlar.