Şair Oqtay Şamil də 70-ə yetdi. Necə yetməsini bir özü, bir də Tanrısı bilir. Sadə, təvazökar oldu, kimsədən ad, şöhrət ummadı. Çətin, uzun, keşməkeşli bu yolda şairə can sağlığı arzulayırıq.
Sən kimin vətənisən, Azərbaycan?
(romans əvəzi)
Sən kimin vətənisən, Azərbaycan?
Sən kimin anasısan, Vətənim?
Bəlkə “milyonçu”nunsan?
Bəlkə “dilənçi”nin?
Bəlkə “siyasətçi”ninsən?
Bəlkə “pinəçi”nin?
***
Ürəyimə gəlib doldun,
yaz oldun!
Taleyimə doğuldun da
söz oldun!
Köksümün qalasısan sən mənim,
Başımın bəlasısan, Vətənim!
***
Varlısansa
bə nədi bu dilənçilər?
Kasıbsansa
rəvamıdır iyrəncilər?
“Yağlı tikə” vəd edirdi
“pinəçi”lər…
Bəlkə Xəzərin oldu bais?
Bəlkə neftdəndi?
Bəlkə avamlığındandı?
Bəlkə “kef”dəndi?
***
Ürəyimə gəlib doldun,
yaz oldun!
Taleyimə doğuldun da
söz oldun.
Köksümün qalasısan
sən mənim,
Başımın bəlasısan, Vətənim!
2001
Söz haqqında
Bu andır söz olmasaydı
Yüz faiz mən fariz idim!
Ən bariz
mübariz idim!
Hülqumlayıb düşmənimi
Çəkib
dilini çıxarardım
boğazından,
Qurtarardım heysiyyəti
kasıblığın güdazından…
Ya tutardım
O “azadlıq anası”nın
cunasından,
Çıxardım pul miqyasından…
Rədd olsun söz,
dərd tökülür cinasından!
Təqvimlərdə daş dövrüdü,
Əlifbada
hərflər də səs verməyir,
Him-cimdi,
göz-qaş dövrüdü…
Arif olub
gərək daşa sığınasan,
Ya daşbaşa yıxılasan,
Qara günə pul yığasan…
Amma hanı?
Qarətlədib o pulları
embriona döndərdilər,
“Qrunk” üçün
Qaryaginə göndərdilər…
***
Söz kəsdirir qabağımı!
Yoxsa mən də
tərgidərdim eşitməyi,
Qapadardım qulağımı…
Caynaq edib
dırnağımı
qurd olardım,
Əlli yerdə yurd alardım…
Adlıq halda tək qalmazdım!
“Yiyəlik”də hallanardım!
Ya bir “hoqqa”
kullanardım,
pullanardım!
Görünsəm də
el gözünə
töhmət kimi,
Dolanardım dairədə
şöhrət kimi…
Aldığımı aldırardım
“hörmət” kimi…
Arvad-uşaq yanında da
üzüm olardı,
Danışmağa sözüm olardı…
***
Söz azaddı!
Vaxt
amma minorlaşıb,
özgə laddı!
Meydan pulun meydanıdı!..
Aldananlar mələkləşib,
Aldadanlar – şeytanıdı!
Duyqusala “salam” yoxdu!
Salam versə
alan yoxdu!
Reallıqlar riyalıqmış,
Dünya bütün suallıqmış…
Hara baxsan
hiylə, hədə, vəsvəsədi.
Vəzn üstündə
uğuldaşan vəzifələr
səs-səsədi.
Uğuldaşıb vəkkildəşir,
Pul görəndə
cikkildəşir…
***
Him-cim
“sim-sim” misallıymış;
Sözlər
sistem blokunda
cilalıymış.
Və cin gəzən
ciblərdəymiş,
“cip”lərdəymiş,
Həm də
ağzı dualıymış…
Daldalarda
cüvəllağı filialıymış…
Oktay Şamil füqəra da
Zavallıca Zülalıymış…
Bu duyğumu
kodlaşdırıb naxışladım,
Səbr evində
Sabirliyə bağışladım!
Səbrə girdim,
Rəbbi gördüm –
haramlığa sürüşmədim.
Ev yıxmadım,
yurd yaxmadım,
pul yığmağa girişmədim!
Torpağıma torba tutan
çayır gülür mən şairəm…
Bəli, bəli, mənəviyəm,
məsnəviyə oxşayıram!
Mövləviyəm,
sehr üzünə yaşayıram.
Həm də
Mahmud Qəznəviyəm
əfsanəmi daşıyıram.
Sözüm mənim
bədilimdi!
Baş qoyduğum
kətilimdi!
Ödə dönmüş ödülümdü…
Haqdan gələn
bu ödülə
baş əyirəm!..
2008
Əfzələddin Xaqaninin xatirəsi
O min ildən,
minillikdən,
Mina tutub mənalanmış
o “buye-tork” şeirlikdən
Xaqaniymiş
ürəyimə ən yaxını.
Oxuduqca Xaqanini
Dırmanıram zirvələrdə Qaf dağını…
“Qaf” – Qurandı!
“Qafqaz” amma
vuran, qıran,
uçurandı
Tiran şair Xaqanisə
riya bilməyən Turandı.
Min bir ildi
qaranlıqlar dumanlıqdı,
Dumanlıqlar “Turan”lıqdı,
Dörd bir tərəf toranlıqdı.
Qan qusur yer –
Tufanlıqdı!
Dağ deşir dərd –
tüğyanlıqdı!
Qiyya çəkir
zülm içində gülən zülmət.
Qiyam gəzir hələ-həlbət…
Hara getsən
şaxta, sazaq, boran, çovğun!
Dövran yenə həmən dövran,
halı pozğun!
Vaxt yırtıcı,
quduz, quzğun…
2004
Toxunmayın şairlərə
Şair kəsin
əsəbini
əsərindən bilərsiniz,
Şairlərin əsəbinə toxunmayın.
Neyləsin də kor taleyi
tor bağlayan
gözlərindən oxunmayır –
Əsəbləri gərilən sim,
şairlərin əsəbinə toxunmayın!
Yazıq şair
dolanmağa yer gəzməyir,
təşkilatdan təşkilata soxulmayır.
Nə işiniz qalıb axı?
Toxunmayın şairlərə,
toxunmayın!..
Əl vurmayın,
oynamayın əsəblərdə,
Axtarın siz
şair kəsi əsərlərdə…
Əl vurmayın,
cərəyandı çalar sizi.
Əvvəl-axır
öz gününə salar sizi!
Toxunmayın,
qəlbindəki kəlmələri əzərsiniz.
Əsəbsiz hər kəlməsini
baş daşına düzərsiniz…
Toxunmayın əsəbinə,
Kim toxunsa –
gələr tanrı qəzəbinə…
Qəlbiqara-qəlbiqara
gəzinməyin,
deyinməyin boş-bikara.
Şairlərin ürəkləri yaralıdır,
Əsəbləri
yeyildikcə olub yara…
Taledə çox əyləniblər,
bu dəfəlik dözərsiniz.
Əsəbdə yox,
qəzəbdə yox,
nə çoxdu eyy… qeybət yeri,
Sevdiyiniz
o yerlərdə gəzərsiniz.
Şair kəsə
bir qığılcım gərəkdi ki,
püskürə od,
Nə günü var fağırların
Qan qusurlar şairlər qan,
öd udurlar şairlər öd.
Şairlərin qəzəbinə toxunmayın;
Geyimləri ucuz-ucuz,
ölümləri ucuz-ucuz
Dalamayın şairləri quduz-quduz!
Öz əzabı özü üçün bəs eləyər
Şairlərin əzabına toxunmayın.
1983