Fərəc Kərimovun barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilsə də, harada saxlanıldığı hələ bilinmir
«Hepatit-C» olan gəncin gizli saxlanması qanuna və insanlığa zidd olmaqla yanaşı, həm də Fərəcin həyatına böyük təhlükədir»
İyulun 23-də zorakılıqla saxlanılaraq naməlum istiqamətə aparılan müsavatçı fəal Fərəc Kərimova qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik əldə etmə, saxlama və ya satma) maddəsilə ittiham irəli sürülüb. Ilkin istintaq dövrü üçün onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu barədə Fərəc Kərimovun vəkili Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, həbs-qətimkan tədbirinin Nərimanov Rayon Məhkəməsində keçirildiyi bəlli olub: “Fərəcə satış məqsədi ilə narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Iyulun 25-də Baş Prokurorluqda oldum, Daxili Işlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladım. Bildirdilər ki, Fərəc Kərimovun saxlanması haqqında heç bir məlumatları yoxdur. Daha sonra məlumat aldım ki, Fərəc iyulun 23-dən Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanıb. Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra harada saxlanıldığı bilinmir”.
Baş verənlərlə əlaqədar Müsavat Partiyası etiraz bəyanatı yayıb.
“Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri, ”musavat.org.az” saytının idarəçisidir, bloqçudur. Onu Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinin qarşısından mülki geyimli şəxslər tutub aparıb. Mülki geyimlilər Fərəc Kərimovu tutarkən heç bir sənəd göstərməyiblər, ona hüquq və vəzifələrini elan etməyiblər”, – deyə bəyanatda bildirilir.
Saxlanma şəraitini və ondan sonrakı hadisələri nəzərə alaraq, Müsavat Partiyası Fərəc Kərimovun faktiki olaraq oğurlandığını, iradəsi əleyhinə məcburən qeyri-müəyyən istiqamətə aparıldığını vurğulayır: “Fərəc Kərimovun siyasi və bloqçu fəaliyyətinə görə siyasi sifarişlə həbs edildiyi şübhə doğurmur. Ancaq onun tutulduğu andan indiyə kimi gizlədilməsinin arxasında hansı məqsədlərin durduğunu aydınlaşdırmaq çətinlik törədir.
Iyulun 17-də Fərəc Kərimovun siyasi fəaliyyətlə məşğul olmayan böyük qardaşı Sirac Kərimlinin küçədə saxlanılması, üzərindən əməliyyatçılar tərəfindən guya, narkotik maddənin tapılması, evində axtarış aparılarkən ilk olaraq Fərəcə məxsus noutbukun axtarılması və götürülməsi Siracın həbsinin Fərəc üçün planlaşdırıldığını təsdiq edirdi. Bu hadisədən sonra yaşadıqları mənzilin xüsusi xidmət orqanları tərəfindən tam nəzarətdə saxlandığını və evdən çıxan kimi tutulacağını bilən Fərəc Kərimovun ağır vəziyyətdə olan xəstə anasını xəstəxanaya apararkən üzərində narkotik maddə saxlaması heç bir məntiqə sığmır”.
Azərbaycan iqtidarının və səhiyyəsinin sayəsində Hepatit-C virusu daşıyan Fərəc Kərimovun 2 sutkadan artıq gizli saxlanmasının qanuna və insanlığa zidd olduğunu, bu vəziyyətin onun həyatı üçün böyük təhlükə olduğunu bəyan edən Müsavat Partiyası qanunsuz və əsassız olaraq həbs edilmiş Sirac Kərimlinin və Fərəc Kərimovun qeyd-şərtsiz dərhal azadlığa buraxılmasını tələb edir.
Ramin