Razi Nurullayev: «Belə bəyanatlar verməklə ona ümid edilir ki, ABŞ Ermənistana sülh müqaviləsini bağlamağa təsir göstərəcək»
Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 23-ü Vyanada bəyanat yayıblar. Bəyanatda Qarabağ bölgəsində gərginliyin, zorakılığın artmasından, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində mülki şəxslərə atəş açılmasından narahatlıq ifadə olunub. İyulun 22-də Brüsseldə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandianla ayrı-ayrılıqda görüş keçirdiklərini vurğulayan həmsədrlər tərəfləri mülki şəxslərə və yaşayış məntəqələrinə qarşı zorakılıqdan, itkilərdən çəkinməyə, atəşkəs müqaviləsinə sadiq qalmağa çağırdıqlarını vurğulayıblar. Bəyanatda qeyd olunur ki, xarici işlər nazirləri ilə danışıqlarda Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünün gündəliyi müzakirə olunub, tərəflərin BMT Baş Məclisinin sessiyasının keçiriləcəyi Nyu-Yorkda bir araya gəlmək ehtimalı götür-qoy edilib.
Həmsədrlərin bəyanatında tərəflər arasında etimad yaradılması üçün xalqların təması proqramlarına dəstək ifadə olunur. Maraqlıdır ki, ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində səyləri artdığı bir məqamda Azərbaycanın dövlət başçısı AB təmsilçisi ilə görüşdə fərqli ritorikadan çıxış edib. İ.Əliyev bəyan edib ki, Qarabağ problemi beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər. İ.Əliyevin Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşü zamanı səsləndirdiyi bu fikir Sarkisyanla BMT-də ehtimal olunan görüş ərəfəsində maraq doğurur.
«Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ də işğal altındadır. Problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər», deyə İ.Əliyev vurğulayıb.
AXCP sədrinin müavini Razi Nurullayevin sözlərinə görə, hazırda ABŞ-ın Qarabağ probleminin həlli ilə bağlı fəaliyyəti intensivləşib. Rusiyanın Ukraynadakı olaylara start verməsindən sonra ABŞ-ın münaqişənin həlli ilə bağlı səylərini daha da artırdığını düşünən R.Nurullayev vurğuladı ki, münaqişənin hazırkı şəkildə qalması ABŞ-ın Cənubi Qafqazda nəzərdə tutduğu siyasəti yürütməyə mane olur. Eyni zamanda münaqişənin Rusiyanın əlində hər an işə sala biləcəyi rıçaq kimi qalması da ABŞ-ın maraqlarına uyğun deyil: «Azərbaycan hakimiyyəti Qarabağ münaqişəsinin aqlmasından öz maraqları üçün də istifadə edib. Çünki münaqişənin mövcudluğu hakimiyyətə imkan verir ki, demokratiya və insan hüquqları ilə bağlı Qərbdən gələn tələbləri qulaqardına vurur. Azərbaycan hakimiyyəti həmişə lobbiçiliyini «şimaldan və cənubdan gələn təhlükə» kontekstində qurur».
R.Nurullayev vurğuladı ki, İ.Əliyevin AB təmsilçisi ilə görüşdə səsləndirdiyi fikirlər ümumi siyasətin tərkib hissəsidir: «Hakimiyyət uzun müddətdir ki, belə bir təbliğat aparır ki, Azərbaycan cəbhə bölgəsində qısa müddətli hücumlara başlaya bilər. Amma bu o qədər də real görünmür. Hakimiyyət belə bir bəyanatlar verməklə bəlkə də ona ümid edir ki, ABŞ Ermənistana sülh müqaviləsini bağlamağa təsir göstərə bilər. Amma bu da real görünmür. Hazırda Azərbaycanın Rusiyadan asılılığı daha çoxdur. Azərbaycan Rusiyadan çəkinir və Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan çəkinir. Düşünürəm ki, hakimiyyətin hazırda atdığı addımlar daha çox Rusiyanı sakitləşdirməyə yönəlib».
Xəyal