Rusiya kanalı Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edib
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiyanın RBK kanalını Dağlıq Qarabağla bağlı rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparmaqda günahlandırıb. PA rəsmisi “twitter” səhifəsində yazıb: “RBK kanalı 2 ermənini dəvət edərək Dağlıq Qarabağın ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır”.
N.Məmmədovun sözlərinə görə, RBK özünü neytral kanal kimi göstərərək təəssüf ki, məkrli niyyətə xidmət edir: “Bu kanal yalan məlumatlarla ictimaiyyəti aldadaraq mövqe formalaşdırmağa çalışır”.
Maraqlıdır ki, N.Məmmədovun söhbətin nədən getdiyini açıqlamayıb. Eyni zamanda rəsmi Moskvanı təmizə çıxarmağa çalışıb.
Söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün RBK kanalının saytanı nəzər saldıq. Son günlər saytda Dağlıq Qarabağ bağla bağlı cəmi iki material yer alıb.
İyulun 22-də saytda Gallupun sorğusu yer alıb və sorğuda Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub. Bu məlumata görə saytın nə dərəcədə məsuliyyət daşıdığını demək bir qədər çətindir.
Bu məlumatdan üç gün əvvəl isə RBK kanalında verilişdə səslənən fikirlər və verilişin videoyazısı yer alıb. «Tanınmamış dövlətlərin tanınmamış iqtisadiyyatı» adlı verilişdə söhbət Dağlıq Qarabağ və digər separatçı qurumların iqtisadi durumundan söz açılır. Qondarma qurumun xarici işlər nazirinin müşaviri Arsen Malik-Şahnazarov «DQR»-nın iqtisadiyyatının inkişafından söz açıb. Öz növbəsində verilişin aparıcısı Janna Nemtsova Dağlıq Qarabağın 1990-cı illərin əvvəlində müstəqilliyini elan etdiyini və ABŞ-ın bəzi ştatlarının bu müstəqilliyi tanıdığını deyib.
Böyük ehtimalla N.Məmmədov məhz bu məqamı qeyd edib. Buna PA rəsmisi özü daha yaxşı bilər. Ancaq əksər kanalların dövlətin nəzarətində olduğu Rusiyada RBK-nın tutduğu bu mövqeyə görə birbaşa rəsmi Moskvanı da tənqid etmək olardı. Lakin N.məmmədov fərqli mövqe tutub və yalnız kanalı hədəfə alıb.
Baxmayaraq ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi, Ermənistana etdiyi hərbi və iqtisadi yardımlar rəsmi Moskvanı mövqeyinin RBK kanalının mövqeyindən fərqlənmədiyini göstərir. Üstəlik nəzərə almaq lazımdır ki, son dövrlər Rusiyanın Azərbaycana təzyiqləri bir qədər də artıb. Əsas təzyiq vasitəsi kimi də məhz Dağlıq Qarabağ münaqişəsindən istifadə olunur. Bu baxımdan RBK-nın hazırladığı veriliş heç də təsadüfi görünmür.
Fizzə