Natiq Cəfərli: «ÜTT-ə üzv olsaydıq, Ermənistanın Dağlıq Qarabağ məhsullarını Avropa bazarına çıxarmasını məhdudlaşdırmaq üçün əlimizdə kifayət qədər imkanlar olacaq»
Dağlıq Qarabağdakı işğalçı qurumundan Rusiya bazarlarına çeşidli ərzaq və içki məhsullarının ixrac edildiyi barədə dəfələrlə məlumatlar yayılıb. Separatçı qurum hətta Avropa bazarlarında da özünə yer etməyə çalışır.
Artıq bu mövzu xarici işlər naziri Elmar Məmmədyarovun “Şərq Tərəfdaşlığı” Proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasındakı çıxışının da mövzusuna çevrilib.
Nazirin çıxışında diqqət çəkən məqam hökumətin gizlətməyə çalışdığı faktın etiraf olunmasıdır. Belə ki, Məmmədyarov bildirib ki, Azərbaycanın Avropa İttifaqına ixrac məhsullarının böyük hissəsini neft və neft məhsulları təşkil etsə də, ixrac məhsullarının çeşidinin artırılması üçün səylər gücləndirilir. Qeyd edək ki, rəsmilər xarici ticarətdə neftin payının ildən ilə azaldığını deyir.
Ancaq diqqət ayrıcağamız mövzu bu olmadığından üzərində çox dayanmaq niyyətində deyilik.
Nazir deyib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və ona bitişik digər ərazilərdə Ermənistan tərəfindən istehsal edilmiş məhsullar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) malın mənşəyi haqqında qaydalarına zidd olaraq saxta etiketlərlə Avropa İttifaqı bazarlarında satılır. Bu, Ermənistanın aşkar şəkildə ÜTT qarşısında olan öhdəliklərini pozması deməkdir. Ermənistan ÜTT-ə daxil olarkən quruma üzvlükdən doğan şərtlər və öhdəliklərin, eləcə də Ermənistanın həmin təşkilatın razılaşmaları və bu razılaşmaların müddəalarından irəli gələn öhdəliklərinin yalnız ölkənin BMT tərəfindən tanınan ərazilərinə şamil olunduğunu təsdiq edib. Nazir Şərq Tərəfdaşlığı regionunda buna bənzər hallarla bağlı yaxın zamanlarda qəbul olunmuş tənzimləyici hüquqi çərçivəni xatırladaraq, Avropadan olan tərəfdaşları Ermənistanın bu kimi mənfur addımlarının qarşısını almaq məqsədilə bütün lazımi tədbirlərin görülməsinə çağırıb.
Xatırladaq ki, Ermənistandan fərqli olaraq Azərbaycan ÜTT-ə üzv olmağa tələsmir və yaranmış vəziyyətdə bu ölkəmizə ciddi problemlər yaradır.
Bəs ÜTT-ə üzvlük Ermənistanın bu addımının qarşısını almağa Azərbaycana nə kimi kömək edərdi?
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, əslində Məmmədyarov bu şikayəti öz hökumətimizdən, özlərinin apardığı siyasətdən etsəydi, daha məntiqli olardı. Çünki 17 illiyə yaxındır ÜTT-ə üzvlük uzadılır və müxtəlif bəhanələr göstərilir.
Ekspertin sözlərinə görə, Azərbaycan vaxtında ÜTT-ə üzv olsaydı, BMT tərəfindən təsbit olunmuş sərhədləri çərçivəsində bu təşkilata üzvlük məsələsi gündəmə gələcəkdi və Dağlıq Qarabağ de-fakto və de-yuri Azərbaycanın ərazisi kimi quruma daxil olacaqdı. Necə ki, Gürcüstan ÜTT-ə Osetiya və Abxaziya ilə birgə qəbul olundu. Abxaziya və Osetiya malları da ancaq rus malları kimi dünya bazarına çıxış imkanına malikdirlər. Yəni özlərinin heç bir ixrac əməliyyatı aparması mümkün deyil. Ekspert Azərbaycan hakimiyyətinin oliqarxların maraqlarını nəzərə alaraq ÜTT-nin üzvlükdən imtina etdiyini deyir. Çünki ÜTT-ə üzvlük gömrükdə və vergidə bəlli şəffaf oyun qaydalarının tətbiqi ilə nəticələnəcək. Azərbaycanın ərazisi Beynəlxalq Arbitraj Məhkəməsinin, ÜTT-nin məhkəməsinin yurisdiksiyasına daxil olacaq. Xarici şirkətlərə qarşı hər hansı diskriminativ addımlar atılanda xarici şirkətlər ÜTT vasitəsilə özlərinin iddialarını təmin etməyə şərait əldə edəcəkdilər. Azərbaycan hakimiyyəti bunu anlayır. Çünki ölkədə inhisarçılığa və korrupsiyaya söykənmiş, məmurların maraqlarına xidmət edən iqtisadi model qurulub. ÜTT-ə üzvlük bu maliyyə qaynaqlarının kəsilməsi, onların bəzi sahələrə nəzarətinin itirlməsilə nəticələnəcək. Məhz buna görə Azərbaycan illərdir ÜTT-ə üzv olmur. Bu tipli siyasi məsələlər ortalığa çıxdıqda isə təsir rıçaqlarından məhrum olaraq ancaq şikayətlənməklə kifayətlənirlər: «Şikayətlənmək istəyirlərsə, özlərinin illər ərzində apardığı uğursuz danışıqlardan şikayətçi olsunlar. Çünki ÜTT-ə üzv olsaydıq, daha artıq rıçaqlara sahib olacaqdıq. Ermənistanın da Dağlıq Qarabağ məhsullarını birbaşa dünya bazarına, Avropa bazarına çıxarmasını məhdudlaşdırmaq əlimizdə üçün kifayət qədər imkanlar olacaq. Ona görə də Azərbaycan hakimiyyəti bu ilin sonuna qədər heç olmasa danışıqları yekunlaşdırıb ÜTT-ə üzv olmalıdır. Bununla bir neçə məsələlərin həllində irəliləyiş əldə etmək mükün olar».
Fizzə