Avqustun 2-si Azərbaycanda milli kinonun yarandığı gün kimi qeyd olunur. Azərbaycan Kinematoqraflar İttifaqı da hər il bunu Milli Kino günü kimi qeyd edir. Maraqlıdır, hazırda bir çox problemlərlə üzləşən ittifaq bu il də kino gününü qeyd edəcəkmi?
İttifaqın katibi Əlisa Cabbarov Modern.az-a kino gününün bu il də qeyd ediləcəyini və pul mükafatlarının veriləcəyini bildirib: “Əvvəlki kimi, bu il də kino bayramı təntənəli qeyd olunacaq. Üç pul mükafatının təqdimatı da baş tutacaq. Biz indi onların adını açıqlamaq istəməzdik. Mükafatın biri kino qarşısında xidmətlərinə görə yaşlı kino xadiminə veriləcək. O biri iki mükafat isə ən yaxşı operator işi və ən yaxşı rejissor işinə görə veriləcək”.
Ə.Cabbarov ittifaqın sədri Rüstəm İbrahimbəyovun Bakıya gəlib-gəlməyəcəyinə də aydınlıq gətirib: “Rüstəm müəllim məlum səbəblərə görə Bakıya gəlməyəcək. Amma onun Azərbaycan Kinematoqraflar İttifaqının üzvlərinə təbriki olacaq. O, təbrik məktubu göndərib və biz onu kino günündə oxuyacağıq”.