Dünya şöhrətli alim, Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən olan Rafiq Əliyev ABŞ-ın ən nüfuzlu mükafatlarından sayılan “Lifetime achievement award”ə (“Dünya elmində ömürlük nailiyyət”) layiq görülüb.
Bu barədə “Azadlıq”a açışlama verən Rafiq Əliyev bildirib ki, mükafatın təqdimat mərasimi sentyabrın 2-də Parisdə olacaq. Mükafatı bütövlükdə Azərbaycan elminə verilən yüksək qiymət kimi dəyərləndirən alimin sözlərinə görə, bu ödül elm və incəsənət sahəsində fəaliyyət göstərənlərə təqdim olunur.
“Bu, çox yüksək mükafatdır. Iki sahədə – elm və incəsənət sahəsində təqdim olunur. Məlumat üçün deyim ki, 2000-ci ildə bu mükafatı Lütfi Zadə alıb. Mükafat ömürlük elmi nailiyyətə görə verilir. Onu da qeyd edim ki, bu mükafat mənim 3 elmi fəaliyyətimə görə verilib. Birincisi, ən son nəzəriyyəm olan ”Qərar qəbuletmə nəzəriyyəsi”, ikincisi, “Qeyri-səlis məntiqin inkişafında görülən işlər”, üçüncü isə “Soft-komputinq istiqamətində xidmətlər”dir”, – deyə Rafiq Əliyev bildirib.
Onu da qeyd edək ki, “Lifetime achievement award” ABŞ-da elmi nailiyyətlərə görə alimə verilən ən yüksək mükafatdır.
Bu mükafatı incəsənət sahəsində Beatles, Elvis Presley, Maykl Cekson, elm sahəsində dünyanın bir çox görkəmli alimləri alıb.
Ramin