Elxan Şahinoğlu: «Ərdoğanın Obamanı tənqid etməsi prezident seçkilərinə hesablanmış siyasi gedişdir»
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə münasibətlərinin səviyyəsinin hazırda yüksək olmadığını deyərək, onun Suriyada böhrana cavabından narazı qaldığını deyib. Cənab Ərdoğan ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin tərəfdarı olduğunu bildirib.
Ərdoğan Türkiyə mətbuatına əvvəllər prezident Obamaya birbaşa zəng etdiyini, lakin indi Suriyada vəziyyətin müzakirəsini iki ölkənin xarici işlər nazirlərinin öhdəsinə verdiyini bildirib. O, Iraqda böhranla bağlı ABŞ-ın vitse-prezidenti Co Baydenlə birbaşa danışıqlar apardığını deyib.
Suriyada böhran nəticəsində 170 min insanın həyatını itirdiyi, 2,9 milyon suriyalının isə qonşu ölkələrə qaçdığı bildirilib. Bunların böyük hissəsi 2011-ci ilin mart ayında başlayan hadisələrdən sonra Türkiyəyə pənah gətirib. Suriyada vətəndaş müharibəsi nəticəsində 6,6 milyon insan evlərini tərk etməli olub.
Ərdoğanın Obama ilə münasibətlərinin yaxşı olmamasını dilə gətirməsi və bunu ictimailəşdirməsi maraqlı məqamlardan xəbər verir. Adətən siyasətçilər bu tipli açıqlamalar vermirlər. Əksinə, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından, ABŞ-la sıx əməkdaşlıqdan danışırlar.
Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, Ərdoğanın Obamanı tənqid etməsi, seçkiyə hesablanmış addımdı: “Ərdoğan hakimiyyətdə olduğu dövrdə mətbuatla sıx əməkdaşlıq edib və müəyyən mesajlarını ictimaiyyətə çatdırıb. Çünki, bunun siyasi əhəmiyyətini bilir və düzgün qiymətləndirir. Bugün Israil Qəzzanı bombalayır, dinc insanlar həlak olur. Türkiyə isə 3 günlük matəm elan edir. Bunun özü də Ərdoğanın xeyrinə işləyən amillərdi. Ərdoğanın Obamanı tənqid etməsi də təsadüfi deyil. Rəy sorğuları göstərir ki, Türkiyə əhalisi daha çox antiAmerikan mövqedədir. Belə bir reallıqda Ərdoğanın Obamanı tənqid etməsi, münasibətlərdə soyuqluq olmasını söyləməsi, seçici kütləsinin dəstəyini qazanmaq üçündür. Yəni bu açıqlamalar mətbuata, daxili auditoriyaya hesablanıb. Reallıqda isə ABŞ-la məsləhətləşmələr aparılır, müxtəlif məsələlərdə razılaşma əldə olunur və isti münasibət yaradılır. Sadəcə olaraq qarşıdan gələn seçkilər belə bir siyasi gediş etməyi tələb edir”.
Akif