«Ağır iqtisadi sanksiyalar ölkədə vəziyyəti pisləşdirə, etiraz dalğasının başlanmasına səbəb ola bilər»
Hazırda Rusiyanın ərazi bütövlüyünə və suverenliyinə hərbi təhlükə yoxdur. Bunu iyulun 22-də Rusiya Təhlükəsizlik Şurasının iclasında prezident Vladimir Putin deyib. Onun fikrincə, dünyada yaranan strateji balans Rusiyaya olan hərbi təhlükə ehtimalını heçə endirir.
Putin zəif ölkələrdə baş verən “rəngli inqilabların” Rusiyada reallaşmasının mümkün görünmədiyini də bildirib. Lakin Kreml rəhbəri narahatşılığını da gizlətməyib. Onun sözlərinə görə, dünyada sanksiyalar və ultimaatumlar dilindən daha çox istifadə olunur. Bunun ardınca isə rəngli inqilablar işə salınır.
Ekspertlər Malayziya təyyarəsinin vurulmasından sonra Rusiyanın beynəlxalq aləmdəki mövqelərinin olduqca zəiflədiyini deyir. Rusiyanın özünün müdafiə imkanları faktiki tükənib. Bir neçə ay əvvəl hücumda olan Putin bu hadisədən sonra açıq müdafiə mövqeyinə keçib. Baş vermiş hadisə dünyanı dəhşətə gətirdiyindən onun müdafiə imkanları da hədsiz zəifləyib. Artıq bütün dünyada belə fikir formalaşıb ki, o hadisəyə görə başlıca məsuliyyəti Putin daşıyır. Çünki məhz Putin cənub-şərqi Ukraynadakı müharibənin baş təşkilatçısı və sponsorudur. Beynəlxalq aləmdə müdafiə imkanları hədsiz zəifləmiş Putinin mövqelərinin ölkədə də zəifləyəcəyi şübhə doğurmur. Rusiyaya qarşı sanksiyaların yeni mərhələsi başlayıb və bu mərhələ Rusiya iqtisadiyyatına ağır zərbələrlə nəticələnə bilər. Putinin hesabına böyük milyardlara sahib olmuş şəxslər üçün əslində məhz Putin böyük təhlükəyə çevrilib. Qərbin fərdlərə qarşı sanksiya siyasəti artıq Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrinə qarşı sanksiya siyasətinə çevrilir. Ağır iqtisadi sanksiyalar ölkədə vəziyyəti pisləşdirə, etiraz dalğasının başlanmasına səbəb ola bilər. Istər oliqarxlar, istərsə də cəmiyyət üçün ilk növbədə Putinin özü ciddi problemə çevrilə bilər. Məhz bu amilləri nəzərə alaraq Putin rəngli inqilablardan danışır. Əlamətdar hal odur ki, Putin bu barədə məhz bu günlərdə açıq danışır. Putinin ritorikasındakı dəyişiklik, yəni sərt münasibətinin və ifadələrin əvəzinə daha yumşaq şəkildə məsələlərə münasibət bildirilməsi vəziyyətin çox ciddi şəkildə dəyişməsindən xəbər verir. Yaranmış şəraitdə Putinin bu ağır böhran vəziyyətindən çıxa biləcəyini proqnozlaşdırmaq üçün əsas yoxdur.
Fizzə