Hərbi ekspert Üzeyir Cəfərova bu haqda məktub göndərilib
Hərbi Prokurorluqdan tanınmış jurnalist, hərbi ekspert Üzeyir Cəfərova cavab gəlib. Bu barədə məlumat verən hərbi ekspert bildirib ki, Müdafiə Nazirliyilə bağlı göndərdiyi ərizə artıq qəbul olunub. Cavab məktubu da da bu haqdadır.
Üzeyir Cəfərov deyir ki, o, xüsusən, general-leytenat Çingiz Məmmədov, general-mayor Məmməd Beydullayev və polkovnik Rauf Kişiyevlə də bağlı ciddi araşdırma aparılmasını istəyir. Çünki adları çəkilən şəxslər bu sistemdə baş verən qanunsuzluqlara dair konkret faktlara sahib olsalar da, həmin halların araşdırılması, günahkarların cəzalandırılması üçün heç bir addım atmayıblar.
Hərbi ekspert prokurorluqda ərizəsi üzrə araşdırmalar zamanı özünün də dindirilməsini istəyir: “Gözləyirəm ki, nə vaxt prokurorluqdan məsələlərə aydınlıq gətirilməsi üçün məni dəvət edəcəklər”.
Üzeyir Cəfərov məsələni eyni zamanda, məhkəmə müstəvisinə çıxarmaq niyyətindədir: “Hərbi Prokurorluq mənə araşdırmanın nəticələri barədə cavab verən kimi bunun məhkəmə müstəvisində araşdırılmasını tələb edəcəyəm. Faktlar çoxdur.
Necə olur ki, Hərbi Dəniz Qüvvələrində olan çatışmazlıqlarla bağlı niyə Rauf Kişiyev və Məmməd Beydullayev heç bir iş görməyib? Çingiz Məmmədov Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində iki qiymət alan yüzlərlə müdavimə sertifikat verilməsinə necə icazə verib? Mən indiyə qədər mətbuatda bəzi məsələləri ictimaiyyətin diqqətinə çatıdırırdım. Ancaq indi hüquqi müstəvidə bunu tələb edəcəyəm”.
Üzeyir Cəfərov onu da əlavə edib ki, bu haqda sənədlər xeyli vaxtdır Hərbi Prokurorluqda var, amma araşdırılmayıb: “Hətta indiki rəhbərlik araşdırmasa belə, nə vaxtsa biri bu işi görəcək”.