Asəf Hacıyev yayılan məlumatlara aydınlıq gətirdi
Bu ilin sonuna kimi «Xəzər» televiziyasının prezidenti Hüseyn Dinləməz, vitse-prezident Xəlil Ibrahim, Xəbər departamentinin rəhbəri Ibrahim Ünlübostan, Reklam departamentinin rəhbəri Gökhan Özkundakçı, Texniki şöbənin rəhbəri Ibrahim Sarı və Fətullah Gülənə yaxınlığı ilə tanınan digər şəxslər telekanaldan ayrılacaqlar.
Publika.az-ın “Xəzər” TV-dəki mənbədən əldə etdiyi məlumata görə, hazırda Hüseyn Dinləməz və onun komandası Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyir.
Hətta bu ilin sonuna kimi “Xəzər” TV-yə təyin olunacaq yeni rəhbərin adı da bəllidir. Bu şəxs 2003-2008-ci illərdə “Lider Media Holdinq”in (Lider TV) Ictimai-Siyasi proqramlar və Xəbərlər departamentinin rəisi, 2008-2012-ci illərdə isə Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Informasiya Proqramları Studiyası direktorunun müavini vəzifəsində çalışmış Vəli Əkbərdir.
Mənbə bildirib ki, Vəli Əkbər 2014-cü ilin fevralından “Türkel TV” (TTV) telekanalının direktor müavini və “Region” TV-nin (RTV) xəbər direktoru vəzifələrinə təyin olunsa da, “Xəzər” TV-də nəzərdə tutulan yeni işlə əlaqədar artıq o, sözügedən vəzifələrdən imtina edib. Hazırda isə Vəli Əkbər işsizdir.
“Xəzər” TV-nin baş direktoru Asəf Hacıyev isə “Azadlıq”a bildirib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil. “Bunlar yalan məlumatdır. Adıçəkilən şəxslər aArtıq 7 ildir ki, bizimlə əməkdaşlıq edirlər və mənim onlardan heç bir narazılığım yoxdur. Bildirirəm ki, onları istədiyi müddətə qədər bizimlə işləyə bilər. Onlar özləri bağladıqları müqaviləni dayandırmayana qədər biz əməkdaşlımığımızı davam etdirəcəyik”,- deyə Asəf Hacıyev vurğulayıb.