Faizlərin yüksək olması ölkənin bank sektoruna ciddi təhdiddir
Hazırda Azərbaycanda kredit təşkilatları, o cümlədən banklar kreditləri olduqca yüksək faizlə verir. Azərbaycan Mərkəzi Bankı bu yaxınlarda uçot dərəcəsini 4,75 faizdən 4,25 faizə endirsə də, kreditlər üzrə illik dərəcələr hələ də 28-34 faiz civarındadır. Hökumət hər dəfə kredit qurumları üçün nəzərdə tutulan kreditlərin faizlərini aşağı salsa da, əhali arasında populyar bankların kreditləri ucuzlaşmır.
Nə baş verir, niyə kommersiya bankları Mərkəzi Bankın kredit faizlərini aşağı salmaq üzrə cəhdlərini qulaq ardına vururlar? Niyə Mərkəzi Bankdan krediti 4,25 faizlə götürən banklar onu müştəriyə ən yaxşı halda, 28 faizlə verir? Kreditin üstünə 23 faiz qoymağa banklara niyə icazə verirlər?
Əhaliyə verilən kreditin əsas mənbəyi
“Anspress”in bu barədə suallarını cavablandıran “Iqtisadi Təşəbbüslərə Yardım” Ictimai Birliyinin eksperti Samir Əliyev ilk növbədə bankların kreditləşdirmə üçün istifadə etdiyi vəsaitlərin mənbəyindən danışır. Onun sözlərinə görə, faiz dərəcələrinin azaldılması üçün ilk növbədə banklar ucuz pul kütləsi cəlb etməlidir. Ucuz vəsait cəlb etmək üçün isə bizim bankların xaricə çıxışı olmalıdır: “Azərbaycanda fəaliyyət göstərən banklar xarici banklardan kredit alır. Banklar cəlb etdikləri vəsaitin üzərinə də öz faizlərini əlavə edib, bunu müştərilərə təklif edir. Çox az bank var ki, onlar pulu kənardan cəlb edirlər. Daha aşağı faizlə pul götürə bilmək üçün bizim bankların beynəlxalq reytinq siyahılarında irəliləməsi lazımdır. Çünki aşağı faizli pulları daha çox yüksək reytinqli banklar əldə edirlər. Bizim bankların əksəriyyəti birbaşa yox, vasitəçi banklardan pulu götürürlər. O, banklardan bu vəsaitləri 4-5 faizlə alır və üzərinə öz faizini əlavə edərək, bizim yerli banklara satır. Nəticədə, Azərbaycandakı banklar bu kreditləri 7-8 faizlə əldə edirlər. Bu isə bankın verdiyi kreditin baha olmasına gətirib çıxarır”.
Banklar öz xərclərini azaltmalıdır
Ekspertin sözlərinə görə, banklar özlərini risklərdən qorumaq, zərər görməmək üçün faiz dərəcələrini yüksək səviyyədə saxlayır. Amma risk ehtimalını azaltmaqla yanaşı, müştərinin ödəmə qabiliyyətini də sıfra endirirlər. Bu baxımdan, Samir Əliyev hesab edir ki, bankların xərclərini optimallaşdırmasına ehtiyac var: “Bankların xeyli sayda bölgələrdə filialları var. Bu filiallar istənilən səviyyədə müştəri cəlb edə bilmir və nəticədə zərər edirlər. Adətən, baş ofis filiallara maddi yardım göstərməli olur. Fikrimcə, banklar mobil bankçılığı inkişaf etdirməlidir. Bununla da, xərclərini azaldaraq, həm operativ, həm də effektli xidmət göstərə bilərlər”.
Kredit vəsaitləri ən azı, iki dəfə artırılmalıdır
Mütəxssisin fikrincə, digər bir əsas səbəb girov kreditlərlə bağlıdır. Bu gün banklar girov vasitəsilə verilən kreditlərə etibar etmir: “Respublikada daşınmaz əmlakların bir hissəsinin sənədsiz olması və digər bu kimi problemlər bankları risklərdən qorunmağa vadar edir. Evini girov qoyan müştəri kiçik məbləğdə krediti belə, yüksək faizlə götürür. Banklar isə qazanmaq üçün istehlak kreditlərinə üz tuturlar.
Təbii ki, bu kreditlərin də xərci yüksəkdir, az məbləğdə kreditə çoxlu sayda adam xidmət göstərməlidir. Nəticədə, kredit dərəcələri qalxır”.
Azərbaycanda faiz dərəcələrinin yüksək olmasının digər bir səbəbi də kredit üçün vəsaitlərin xeyli hissəsinin əmanət yolu ilə cəlb edilməsidir. Hazırda əmanətlər üzrə orta dərəcə 10 faiz civarındadır. Mütəxəssislərin fikrincə, əmanətlər nə qədər yüksək faizlə qəbul edilirsə, kredit faizləri də bir o qədər yüksək olur.
Azərbaycanda kredit resursları təxminən 17 milyarda yaxındır. Ümumi Daxili Məhsulun 30 faizi ətrafında olan bu rəqəm Azərbaycan kimi iqtisadiyyatı olan ölkə üçün çox azdır. Inkişaf etmiş ölkələrdə bu göstərici 70 faizdən yuxarı olur. Samir Əliyevin hesablamalarına görə, Azərbaycanda ilkin mərhələdə kredit vəsaitlərini ən azı iki dəfə artırmaq lazımdır. Kredit vəsaitlərinin azlığı bankların kredit dərəcələrini yüksək saxlamasına imkan yaradır.
Mərkəzi Bankı eşidən yoxdur
Amma rəsmi qurumlar vəziyyətin düzələcəyinə dair vəd verirlər. Hələ bir neçə ay bundan öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov banklarla danışıqlar aparıldığını söyləmişdi. Həmçinin Mərkəzi Bankdan “anspress”in sorğusuna cavab olaraq bildirirlər ki, hazırda bu qurumun özü də özəl bankların verdiyi istehlak kreditlərinin faiz dərəcələrinin çoxluğundan narazıdır. Mərkəzi Bankdan verilən məlumata görə, faizlərin azaldılması üçün bir sıra işlər görülür. Mərkəzi Bank hesab edir ki, özəl banklar faiz dərəcələrini azaltmaq imkanına malikdir.
Mərkəzi Bank vaxtı keçmiş kreditlərin artmasını da ilk növbədə faiz dərəcələrinin yüksək olması ilə əlaqələndirir. Bu məsələnin həllilə bağlı çıxış yolları axtaran Mərkəzi Bank faiz dərəcələrinin azaldılması üçün özəl banklarla danışıqları davam etdirir.
Ancaq bütün bunlara baxmayaraq, faizlərin azalması istiqamətində hələlik heç bir nəticə müşahidə olunmur. Banklar, görünür, hələ də faiz dərəcələrini azaltmaqda maraqlı deyillər. Kiçik istehlak kreditləri verən banklar özlərini sığortalamaq və yüksək məbləğdə gəlir əldə etməklə bazarın ciddi mənfəət əldə edən oyunçularına çevrilirlər.
Mütəxəssislər isə bu halın bank sektoruna ciddi təhdid olduğunu hesab edir. Çünki yüksək faizli, əlverişsiz şərtlərlə verilən kreditlər əhalinin ödəmə qabiliyyətini azaldır. Nəticədə banklarda problemli kreditlərin sayı kəskin artır və bu, böhrana doğru aparır.