Məmmədyarov Avropa Birliyi ilə əməkdaşlıqdan danışdı, amma Assosiasiya sazişi barədə bir cümlə də demədi
Gültəkin Hacıbəyli: «Avropa Birliyindən məsafə saxlamaq Azərbaycanın təhlükəsizliyini təmin etmir, amma iqtidar təklif olunan demokratik islahatları da yerinə yetirmir»
«Azərbaycan Avropa Birliyi ilə qarşılıqlı maraq doğuran digər sahələrdə də strateji tərəfdaşlığın əhatəsini genişləndirməkdə maraqlıdır». Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə bildirib. Maraqlıdır ki, E.Məmmədyarov Azerbaycanın Avropa Birliyinin qabaqcıl təcrübələri və standartlarının ölkədə tətbiq edilməsi istiqamətində ciddi səylər göstərdiyini vurğulayıb: «Biz vətəndaşlarımızın təhlükəsiz mühitdə səmərəli idarə olunan mobilliyinin Şərq Tərəfdaşlığının önəmli elementlərindən biri olduğunu qəbul edərək, Yerdəyişmə üzrə tərəfdaşlığı, Viza rejiminin sadələşdirilməsi və Readmissiya Sazişinə imza atdıq. Qarşıdakı aylarda qüvvəyə minəcək son iki saziş vətəndaşlarımız arasında ticarət və mədəni əlaqələrin yaxşılaşmasına kömək göstərəcək və eyni zamanda miqrasiya məsələlərinin səmərəli şəkildə həllinə şərait yaradacaqdır. Avro-inteqrasiya prosesimizdə daha bir önəmli hadisə, Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrossonun iyun ayında Azərbaycana etdiyi səfəri zamanı imzalanmış Azərbaycanın Avropa İttifaqı proqramlarında iştirakı barədə olan Protokoldur. Bu çərçivə sənədi Azərbaycanın təsisatları və vətəndaşlarının Avropa İttifaqının təhsil, araşdırma, mədəniyyət, incəsənət, elm və bir sıra digər sahələri əhatə edən proqramlarında iştirakına şərait yaradacaqdır. Gələcəkdə də, Azərbaycanın təsisatları və Avropa Birliyinin müvafiq agentlikləri arasında imkanların artırılması və əsas sahələrdə ekspertlərin mübadiləsi üzrə əməkdaşlığın yaxşılaşacağına inanırıq».
E.Məmmədyarov vurğulayıb ki, Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi Azərbaycanın prioritet fəaliyyətlərindən biri də Avropa Şurasının üç əsas istiqaməti ilə digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi arasında əməkdaşlıq və birgə fəaliyyətin gücləndirilməsidir.
Amma maraqlıdır ki, Avropa dəyərlərinin mənimsənilməsindən danışan E.Məmmədyarov assosiasiya sazişini n imzalanmasından heç nə deməyib. Halbuki, Avropa Komissiyasının keçmiş prezidenti Borrozu hələ Bakıda səfərdə olarkən bəyan etmişdi ki, Azərbaycanla AB arasında strateji tərəfdaşlığa dair sənəd imzalansa da, bu assosiasiya sazişinin gündəmdən çıxarılması anlamına gəlməməlidir.
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli vurğuladı ki, E.Məmmədyarovun açıqlamasında qəribə heç nə görmür. Çünki Azərbaycan hakimiyyətinin təmsilçiləri dəfələrlə bəyan ediblər ki, Avropa Birliyinə inteqrasiya Azərbaycan üçün prioritetdir. Amma bu bəyanat səslənərkən Azərbaycan hakimiyyəti adətən neft və qaz kəmərlərinin Avropaya inteqrasiyasını nəzərdə tutur. Avropa Birliyi ilə daha dərin münasibətlər sisteminə gəlincə isə Azərbaycan hakimiyyətinin fərqli mövqedən çıxış etdiyini deyən G.Hacıbəyli qeyd etdi ki, Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması yalnız Azərbaycanın təbii ehtiyatlarının Avropa bazarlarına çıxılması demək deyil: «Assosiasiya sazişinin imzalanması Avropa Birliyinin müdafiə etdiyi demokratik islahatların keçirilməsi, demokratik dəyərlərə hörmət edilməsi deməkdir. Bu məsələdə isə Azərbaycan hakimiyyətinin mövqeyi Avropa Birliyi ilə ziddiyyət təşkil edir. Avropaya real inteqrasiya insan haqları, demokratik təsisatların müdafiəsi istiqamətində ciddi addımların atılmasını ehtiva edir. Avropa Birliyi ilə real yaxınlaşma azad və demokratik seçkilərin keçirilməsini, vergi, gömrük, sığorta, bank sisteminin şəffaflığını, inhisarçılığın aradan qaldırılmasını tələb edir. Bütün bunlar isə hakimiyyətin maraqlarına uyğun deyil».
G.Hacıbəylinin sözlərinə görə, Ukraynada baş verən hadisələrin fonunda Rusiyanın mövqelərini itirməsini nəzərə alan Azərbaycan hakimiyyəti müstəqilliyin qorunub saxlanması üçün AB-ya intqerrasiyanın mühüm olduğunu anlayır. Ona görə AB ilə əlaqələr tam formada qırılmır. Amma hakimiyyətin AB-nın tələb etdiyi islahatları həyata keçirmək niyyəti yoxdur. «Amma hakimiyyət eyni zamanda anlayır ki, Avropa Birliyindən məsafə saxlamaq da onun təhlükəsizliyini təmin etmir. Hakimiyyət bununla yanaşı Avropa Birliyinin təklif etdiyi islahatları yerinə yetirmir», deyə G.Hacıbəyli vurğuladı.
Xəyal