Lerik rayonundakı meşə massivində baş verən yanğın daha da şiddətlənib. Rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər üzrə şöbənin sədri Saday Qurbanovun ANS PRESS-ə verdiyi məlumata görə, yanğın Lənkəran rayonu ərazisindəki meşə massivinə də keçib. Alov rayon mərkəzindən 8 km aralıdakı Hirkan Milli Parkının dağlıq ərazisini də bürüyüb.
“Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin helikopteri və şəxsi heyəti cəlb edilib. Bundan başqa, dağlıq əraziyə buldurzer də qaldırılıb. Lakin hələlik yanğını söndürmək mümkün olmayıb”, – deyə Saday Qurbanov bildirib.
Qeyd edək ki, həmin ərazidə bir neçə dəfə yanğın olub. Xoşbəxtlikdən yanğın ağaclara ziyan vurmayıb. Yalnız kol-kos yanıb. Saday Qurbanovun fikrincə, yanğın hadisəsi bilərəkdən törədilib.
“Düşünürəm ki, yanğın bilərkdən törədilir. Bu məsələ araşdırılacaq”, – deyə Saday Qurbanov əlavə edib.