«Bank of Baku» müştərilərdən daha çox pul qoparmaq üçün ən müxtəlif yollara əl atır»
Gəncə şəhər sakini Vaqif Sadıqov redaksiyamıza göndərdiyi məktubda bank tərəfindən aldadıldığını bildirir. V.Sadıqov məktubunda qeyd edir ki, qızı xaricdə təhsil almaq üçün 2013-cü ilin aprel ayında “Bank of Baku”nun Gəncə filialından 1000 manat kredit götürüb. V.Sadıqov qeyd edir ki, kredit borcunu vaxtından əvvəl 2013 cü ilin dekabr ayında ödəyib: “2013-cü ilin dekabr ayında kredit borcunu artıqlaması ilə ödədim. Ümumilikdə banka 1200 manat pul ödəmişəm.
Buna baxmayaraq bank qızımın olmayan borcunun üstünə faizlər gələrək artıq 200 manat əlavə borc yazıb”. V.Sadıqov məktubunda bildirir ki, üzləşdiyi haqsızlıqla bağlı “Bank of Baku” ASC-nin idarə heyətinin sədrinə 4 məktub yazıb: “Mən 27 noyabr 2013, 4 dekabr 2013 və 30 iyun 2014-cü il tarixlərində bankın idarə heyətinin sədrinə yazdığım məktublara cavab verilmir. Bankın qaynar xətti ilə əlaqə saxladım məsələyə baxacaqlarını söz versələr də vədlərinə əməl etmədilər. Sonuncu məktubumu bu günlərdə poçt vasitəsi ilə göndərdim. Bankın məqsədi məndən daha çox pul qoparmaqdır. Mən bank qarşısında bütün öhdəliklərimi yerinə yetirmişəm.
Vaxtından əvvəl ödənişi tam şəkildə vermişəm. Görünür, bank daha çox pul qazanmaq arzusundadır”.
Məsələ ilə bağlı “Bank of Baku” ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Bankın qaynar xətinə və digər telefon nömrələrinə etdiyimiz zənglərə avtomatik cavab verildi. Bankın operatoru ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.