Haqqı tapdalanan dəmiryolçuların tələbləri…
“Azərbaycan Dəmiryolları” QSC-nin sərnişindaşıma deposunun rəisi, QSC-nin həmkarlar komitəsi rəhbəri və Bakı Şəhər Icra Hakimiyyətinin başçısına üz tutan bir qrup depo bələdçisinin “Azadlıq”a müraciəti əsasında qəzetimizin ötən sayında material dərc edilib. Sərnişindaşıma deposunun yüzlərlə işçisi rəis Arif Əsgərov, Əlirza Süleymanov, Elyar Muradov, Rəhman Əbişov, Hikmət Məmmədovun vəzifədən çıxarılması, onların barəsində müvafiq tədbir görülməsini tələb edir.
Dəmiryolçular 2001-2008-2011-ci illər üçün gündəlik pulların şəffaf və dəqiq hesablanmasını, həmçinin 2007-ci ilin mayından bugünə kimi eyni işi görüb fərqli maaş alanların kəsilmiş maaş fərqlərinin hesablanaraq qaytarılmasını tələb edir. Dəmiryolçular 2000-ci ildə verilən prezident fərmanı və Nazirlər Kabinetinin qərarına baxmayaraq, 2012-ci ilədək gündəlik təyin edilən pulların verilməməsindən şikayətçidir:
“Bizim müraciətlərimiz və medianın işə qarışmasından sonra bəlli oldu ki, 10 manat pul bizə hər reysə görə deyil, gündəlik olaraq ödənilməlidir. Uzun müddət yığılan pulları qaytaran yoxdur. Köhnə dəmiryolçular qalıq pullarını tələb edir. Onlara qarşı göstərilən ayrı-seçkiliyin kökündə də rəhbər şəxslərin yeyinti faktlarını silmək məqsədi dayanır. Dəmiryolunda son vaxtlar arxivi də yandırdılar ki, çox məsələlər ortaya çıxıb aydınlaşmasın. Ortada çoxlu faktlar var. Bizim haqqımızı oğurlayıblar. Pulu bizə vermək əvəzinə, müxtəlif yollarla büdcədən mənimsəyiblər. Dəmiryolu poliklinikasının baş həkimi nəqliyyat naziri Ziya Məmmədovun xalası oğludur. O, əmr verib ki, kişi bələdçilərə ”bolniçnı” verilməsin. Belə çıxır ki, bizə istirahət verilməməlidir. Artıq dəmiryoluna bu sahədən xəbəri olmayan qadın bələdçilər qəbul edilir. Bu sahədə elə hadisələr olur, danışılası mümkün deyil. Qadınları işə götürmək adıyla onları yalnız istismar edirlər. Dəmiryolunda bu gün sırf insan alveri gedir. Bizim də tələbimiz bu məsələlərin araşdırılması, bizə çatacaq pulların ödənilməsidir ki, heç olmasa, dəmiryolu sahəsindən kənarda bir işin qulpundan yapışa bilək”.
Sosial şöbə