Bu arada sosial mediada məktəblərdəki rus sektoru ilə bağlı müzakirələr getdi, onların bağlanması barədə REAL rəhbərlərindən Erkin Qədirlinin çıxışı xeyli müzakirə edildi. Gənclər üçün maraqlı ola bilərdi, amma bu mövzuda geniş müzakirə çoxdan olub, ictimai mövqe də çoxdan bəllidir.
Biz rus mədəniyyət nümunələrinə sayğımızı gizlətmirik, ya zəlzələdən, ya vəlvələdən Rusiya ilə ortaq tarix yaşamağımızı da danmırıq, amma rus dilində icbari dövlət təhsili nəinki mübahisələndirilir, üstəlik, heç yaşayacaq bir halda da deyil. Çünki rus dilində təhsil mənən ölmüşdür. Keyfiyyətcə də artıq elə azərbaycanca olan təhsildən heç nə ilə üstün deyil.
Rusiyanın özündə də təhsil ölmüşdür, rus ali məktəbləri çoxdan SSRI-nin əyalət universitetləri qisminə düşüb və dünyada rəqabət apara bilmir. Bizdən isə Rusiyaya əsasən bazara işləməyə gedirlər, bu sahədə yaranmış problemlərdən də xəbəriniz var. Biznes üçün də gedənlər tapılacaq həmişə, amma artıq Rusiyaya təhsil, müalicə, texnoloji, yeni çağ biznesi və istehsalı üçün getmirlər, heç mədəni mərkəzlər də kimisə ora çəkib aparmır. Daha doğrusu, gedənlərin sayı o qədər azalıb ki, belə nəticə çıxarmaq olar.
Putin rus dilini bilənlərə Rusiya vətəndaşlığı verilməsini elan edəndə jurnalist-bloqçu Rəşad Babalı maraqlı bir məqalə yazmışdı ki, sənin öz vətəndaşın Avropa pasportu üçün yaxa cırırsa, sənin pasportun kimə gərəkdir?! Bu, gerçəkdir. Rusiya özünə hər yerdə beşinci təkər düzəltməyə çalışa bilər, amma Rusiya rusların özü üçün perspektivli deyil, rusların özünü yaxşı gələcəyə aparmır artıq.
Rusiyanın ən nüfuzlu və tarixi ali məktəbi olan Moskva Dövlət Universiteti artıq reytinq siyahılarında 100-lüyə düşə bilmir və bir çox Türkiyə ali məktəblərindən geri qalır. O qədər qiymətli keçmişə sahib olmağına baxmayaraq. Rusiyada da bu il attestat almaq və ali məktəbə qəbul üçün minimum balları aşağı saldılar. Eynən bizdəki kimi. Göstəricilər hər il düşməkdədir.
Bu sektor Rusiyanın özündə ölürsə, bizdəki insanları da nəyləsə özünə çəkmirsə, istəsək də onu yaşada bilmərik. Bizim hakimiyyət saxlayır onu! Zorla saxlayır. Nə üçün MDU-nun filialı açıldı Bakıda? Nə rolu var onun bizim ali təhsil sistemində. Nə gətirdi bizə? Niyə Türkiyənin reytinqi gün-gündən qalxan Orta Doğu Texnik Universitetinin filialı açılmadı?
Əslində, artıq rus sektoru qorxusu yoxdur, Rusiya sektoru olan mövcud iqtidar qorxusu var. Hakim partiya bütün mahiyyəti ilə Rusiya sektorudur. Əksəriyyəti həm də Rusiyadan qorxduğu üçün qəlbən onu sevmir, amma bu hakimiyyətin yaşamasının dayağı kimi də Kremli görürlər. Ən azı Kremlin üsullarını xilas kimi görürlər. Rusiya hansı yolla gedirsə, Azərbaycanı o yolla aparırlar.
Eyni bataqlığa aiddir ölkələrimiz. Saxta seçkilər, korrupsiya, yalan, qondarma statistika, yalançı vətənpərvərlik və s. Azərbaycan hər mənada bir Rusiya məkanıdır. Hakimiyyətimiz də bir Rusiya sektorudur.
Bu yaxınlarda V.Jirinovskinin bir video-çıxışını yaymışdılar. Bu dəfə təlxəklik etmədiyi üçün hamı maraqla izlədi. Bağırırdı ki, belə inkişaf nağılı olar, ölkə batır, inkişaf edən yalnız korrupsiyadır, səhiyyə, təhsil məhv olub. Çıxışa qulaq asanda elə bilərdiniz ki, Azərbaycan barədə danışır. Fəqət Rusiya haqda idi sözləri. Yəni mahiyyətcə eyni sektor idarə edir bizi.
Rus sektoru qorxusu yoxdur bizim ölkədə, ölkənin idarə edilməsinə münasibətdə qafaca, niyyətcə, siyasi anlayışca Kremlin bənzəri olan YAP hakimiyyəti – Rusiya sektoru qorxusu var. Ölkəni batırmaqdadırlar. Ölkə insanı üçün normal yaşayışı, ədaləti və gələcəyə ümidi öldürüblər deyə, həm də ölkəmiz hər pis qonşunun poliqonuna çevrilib.
Baxın, fars sektoru yoxdur, amma Iran da beşinci təkər fırladır bizim ölkədə!