Məşhur klinikaya qarşı ağır ittihamlar…
“Azadlıq”a müraciət edən Ağsu şəhər sakini Xalis Siracov ailəsinə üz verən ağır dərddən bəhs edir. Ağsaqqal atanın məktubu oğlu Kamran Siracovun vaxtsız ölümü və bunda günahkar hesab etdiyi həkimlər haqdadır:
“Mənim 77 yaşım var. Işlədiyim vəzifələrdə həmişə xalqıma təmənnasız qulluq etmişəm. Lakin son dövrlərdə baş verən hadisələr, insana olan hörmətsizlik, hüquqların pozulması, adamların şərlənərək tutulması və s. mənə çox pis təsir edir. Tibb sahəsində cərəyan edən hadisələr, nöqsanlar da insanların hökumətə olan inamını ciddi şəkildə sarsıdır. Inamı azalan insanlardan biri də mənəm.
Ramazan ayından sonra toyunu edəcəyim oğlum Kamran Siracovu gözgörəsi öldürdülər. Ömründə iynə belə vurdurmayan, polad kimi qüvvətli oğlum Kamranın ürəyində qəflətən ağrı olduğu üçün Ağsu rayon xəstəxanasında onu müayinə etdilər. Amma heç nə başa düşmədiklərindən Bakı Tibb Mərkəzinə göndərdilər. Mayın 9-da həkim Üzeyir Rəhimov oğlumun ürəyində əməliyyat apardı. Iki gündən sonra vəziyyəti bir qədər yaxşılaşdı. Əməliyyata görə məndən 2750 manat pul aldılar. Həmin pulu kredit yoluyla bankdan çox çətinliklə, 34 faizlə götürdük. Əməliyyatdan sonra oğlumu rayona apardıq. Bir neçə həftədən sonra ağrılar yenidən başladığı üçün iyunun 18-də onu yenidən həmin mərkəzə gətirdik. Üzeyir Rəhimov oğlumu yenidən əməliyyat etdi və məndən də 2500 manat tələb etdi. Pulumuz olmadığı üçün özləri mənim adımdan izahat yazdılar və imzalatdıraraq, pulu ödəməyə bir gün vaxt verdilər. 18-19 iyunda oğlumun vəziyyəti yenidən pisləşdi. Həkimi nə qədər axtardımsa, tapa bilmədim. Iyunun 21-də axşamçağı məni və bacısını oğlumun yanına buraxdılar. Onun vəziyyəti yaxşı idi, hətta rayonda qalan anasıyla da danışdı. Biz çox sevinirdik. Amma bu sevincimiz uzun çəkmədi. Gecə saat 11-ə kimi xəstəxanada qaldıq, sonra bizi evə göndərdilər. Gecəyarısı saat 2 radələrində zəng edib bildirdilər ki, gəlin, oğlunuzun meyidini aparın. Nə vəziyyətə düşdüyümüzü təsəvvür etmək mümkün deyil. Xəstəxanaya nə qədər zəng etsək də, cavab verən olmadı. Mən xəstəxanaya gedəndə təcili yardım maşını işlək vəziyyətdə dayanmışdı. Mənə içmək üçün nəsə verdilər və maşına oturtdular. Bizə heç bir sənəd vermədilər. Şamaxıda ayıldım və xəbər tutdum ki, oğlumun meyitini aparıram. Hansı vəziyyətə düşdüyümü təsvir edə bilmirəm. Bircə onu dərk edirəm ki, rayonda bir adamın ayağına daş dəyəndə polis idarəsinə zəng edirlər. Bakıda isə gənc oğlanı öldürürlər, amma heç kimə heç nə demirlər.
Mən övladımı dəfn etdim. 7 gündən sonra Bakıya gəldim. Məndən ikinci əməliyyata görə 2500 manatı tələb etdilər. Mənimsə quru canımdan başqa heç nəyim qalmayıb. Onlar isə heç nəyə məhəl qoymayaraq, saxta sənəd hazırlayırlar. Əsəblərim pozulduğundan faciəni tam təsvir edə bilmirəm. Oğlum bu gənc yaşında həyatını itirib, onun ölümünə bais olanları isə kimsə görmək istəmir. Səhiyyə Nazirliyi, onun nəzarət etməli olduğu qurumlar insanların ölməsi üçünmü fəaliyyət göstərir?! Mən itirdiyimi itirmişəm və artıq heç nə demirəm. Qoy cəmiyyət bu hadisəyə özü qiymət versin”.
Şikayət məktubunda bəhs edilən məsələ ilə əlaqədar Bakı Tibb Mərkəzinin də mövqeyini öyrənmək istədik. Klinikanın 465-06-06 və 465 67-67 saylı telefonları işlək olsa da, sorğumuza cavab verən olmadı. Eyni zamanda, “Medikal Plaza”nın əməkdaşı olan Üzeyir Rəhimovun həm də Bakı Tibb Mərkəzində çalışdığını təsdiqləsələr də, klinikadan onun əlaqə telefonunu öyrənə bilmədik. Hər bir halda, Kamran Siracovun üzərində iki dəfə ürək əməliyyatı aparan və faciənin baş verdiyi tibb mərkəzinin əməkdaşının mövqeyini dərc edə bilərik.
Sosial şöbə