Mirvari Qəhrəmanlı: «Azərbaycanda vətəndaş cəmiyyəti sıradan çıxarılanda, cəzalar tətbiq ediləndə beynəlxalq aləm kəskin mövqe bildirsəydi, indi bu aqibətlə qarşılaşmazdılar»
Nazirlər Kabineti “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nda dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişiklik Ədliyyə Nazirliyi ilə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin bağlanması şərtlərini əhatə edir.
Qeyd edək ki, qüvvədə olan Qaydaya əsasən, saziş bağlanmazdan öncə Ədliyyə Nazirliyi ilə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri arasında danışıqlar aparılmalıdır. Danışıqlar zamanı təşkilat barədə məlumat və onun Azərbaycanda fəaliyyətinin məqsədləri, bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi müzakirə edilməli və dəqiqləşdirilməlidir. Danışıqlar prosesində təşkilatın Azərbaycan ərazisində gələcək fəaliyyəti Azərbaycan Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirməmək, o cümlədən separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurmamaq, siyasi və dini təbliğatla məşğul olmamaq, qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri üçün zəruri olan məlumatları qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim etmək ilə şərtləndirilməlidir. Məhz bu şərtlər təşkilat tərəfindən qəbul edildikdə, Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında saziş bağlanılır. Dəyişikliyə əsasən, bundan sonra Ədliyyə Nazirliyi və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri arasında dövlət qeydiyyatı ilə bağlı saziş bağlanarkən sazişdə onun qüvvədə olması müddəti də göstərilməlidir. Saziş bağlandıqdan sonra qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada filial və ya nümayəndəliyin dövlət qeydiyyatı həyata keçirilir.
Azərbaycanda müstəqil QHT-lərə qarşı münasibət aydındır və son zamanlar QHT nümayəndələrinin həbsi, təzyiqlərə məruz qalması da bunun sübutudur.
Son dəyişikliklər daha çox ölkəmizdə fəaliyyət göstərən xarici QHT-lərə şamil olunub və əsasən də Qərb ölkələrindən olan təşkilatlar nəzərdə tutulur.
Bəs, bu dəyişikliklər ölkə xaricində necə qiymətləndiriləcək?
Ekspertlər hesab edir ki, bu sahədə yaranmış neqativ vəziyyət beynəlxalq təşkilatların hesabatında zaman-zaman yer alıb və bunun səbəbləri də hamıya aydındır. Ona görə də hakimiyyət növbəti dəfə öz mahiyyətini açıq şəkil ortaya qoyur və demokratiyanın imitasiyasından da imtina edir. Qeyd edilir ki, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən bir ölkə, bu tipli qərarlarla özünə qarşı cəbhə açır.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, xarici QHT-lərin qeydiyyatının sərtləşdirilməsinin günahkarı, müəyyən mənada həmin ölkələrin özləridir: “Beynəlxalq təşkilatlar bu dəyişikliyə münasibət bildirməlidir. Ilk olaraq bu proses yerli QHT-lərə qarşı baş verdi və bu sektorun sıxışdırılması bugün də davam edir. Azərbaycanda qanunlar sərtləşəndə, vətəndaş cəmiyyəti sıradan çıxarılanda, xüsusi cəzalar tətbiq ediləndə, həbslər olanda, beynəlxalq aləm buna kəskin reaksiya verməliydi. Vaxtında müdafiəni yaxşı qursaydılar, ciddi reaksiya versəydilər, bugün eyni aqibətlə qarşılaşmazdılar. Ona görə də bugün sərtləşdirilən qanunlar, həm də demokratik dünyanın sayəsində baş verir”.
Akif