«Məmur övladları ilə bağlı yayılan videolar kompromat savaşının təzahürüdür»
Mehman Əliyev: «İqtidar istəyir ki, Rauf Mirqədirovun həbsi ətrafında daha səs-küylü kampaniya qursun»
Qərblə-Rusiya arasında qarşıdurmanın artdığı bir zamanda Azərbaycan hakimiyyəti Qərbə etdiyi revenansların müqabilində ölkə daxilində siyasətini sərtləşdirməkdədir. Demokratik düşərgənin basqı altında saxlanılması, siyasi məhbus probleminin çözülməməsi bunu bir daha təsdiqləyir. Elə əslində “Ayna” qəzetinin əməkdaşı Rauf Mirqədirovun da həbsini bu qəbildən saymaq olar. Çünki baş verən hadisədən artıq bir neçə gün keçsə də, rəsmi açıqlamalar verilsə də, amma jurnalistin həbsinin motivləri hələ də məlum deyil. R.Mirqədirova irəli sürülən ittiham da bu həbsin arxasında məhz hakimiyyətin müəyyən planlarının dayandığını deməyə əsas verir. “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevlə söhbətimizə elə Rauf Mirqədirovun həbsinin səbəblərinə aydınlıq gətirməklə başladıq, eyni zamanda gündəmin başqa mövzularına da toxunduq.
– Rauf Mirqədirovun da həbsi hakimiyyətin Azərbaycan cəmiyyətinə qarşı son zamanlar apardığı siyasətin tərkib hissəsidir. Bir müddət əvvəldə Azərbaycan vətəndaşlarının xarici ölkələrə cəsusluq etməsi, Xədicə Ismayıla qarşı ittihamlar gündəmi tutmuşdu. Bu mövzu hakimiyyətin rəsmi kampaniyasında artıq bir müddət idi dövr edirdi. Nəticədə hakimiyyət xaricdən gələn qrantları nəzarətə götürməyə, internetdə senzura tətbiq etməyə, qanunvericiliyi sərtləşdirməyə, sosial şəbəkələrdə fəal olan gəncləri həbs etməyə başladı. Rauf Mirqədirovun da həbsi hakimiyyətin bu istiqamətdə yürütdüyü siyasətin davamıdır. Iqtidar istəyir ki, bu məsələ ətrafında daha da səs-küylü kampaniya qursun. Ona görə də bu bir-birinə bağlı siyasətdir. Bu baxımdan düşünürəm ki, Rauf Mirqədirovun həbsinin səbəblərini ilk növbədə məhz burada axtarmaq lazımdır.
– Mehman bəy, Rauf Mirqədirovun həbs edildiyi zaman söylədiyi bir fikir də maraq doğurur. Rauf bəy “sövdələşmə qurbanı olduğunu” söyləyib. Bu baxımdan bir sıra ekspertlər həbsin Ərdoğanın səfərindən sonra reallaşdırılmasını təsadüfi saymırlar…
– Düşünmürəm ki, Ərdoğanın səfəri ilə Rauf Mirqədirovun həbsi arasında bir əlaqə var. Ərdoğanla bağlı yalnız bir problem ola bilərdi. O da ondan ibarətdir ki, Rauf Mirqədirov Ərdoğanı da tənqid edirdi. Ola bilsin ki, Türkiyə tərəfi Rauf Mirqədirovun ölkədə qalıb fəaliyyət göstərməsini məqbul saymırdı və buna görə də Rauf Mirqədirov ölkədən deportasiya olundu.
“Bu cür bəyanatlarla dövlətin xarici siyasətini qurmaq olmaz”
– Rəsmilər bəyan edir ki, heç bir halda Ermənistanla təmaslara yol vermək olmaz. Amma bu bəyanatlarda bir ziddiyyət açıq-aydın görünür. Çünki bir müddət əvvəl Polad Bülbüloğlunun rəhbərliyi ilə Azərbaycandan olan nümayəndə heyəti öncə Qarabağa, daha sonra isə Ermənistana getmişdi…
– Əlbəttə ki, bu bir bəhanədir. Amma söhbət ondan gedir ki, Rauf Mirqədirovun həbsi birbaşa onun fəaliyyəti və onun mövqeyi ilə bağlıdır. Azərbaycanda hər hansı bir casus şəbəkəsinin olması təbliğatının aparılması sadəcə olaraq jurnalistikada fəaliyyət göstərən müəyyən şəxslərin zərərsizləşdirilməsinə xidmət edir. Məhz bu üzdən bu faktların hamısını bir-birinə bağlamağa cəhd edilir. Biz dəfələrlə bu təbliğatın şahidi olmuşuq. Hakimiyyət həmişə öz planlarını bu tezislərlə, bu formatda həyata keçirir.
– Vitse-spiker Ziyafət Əsgərov maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyanın oturduğu kabinet Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır…
– Bu sadəcə olaraq bir bəyanatdır. O zaman Ermənistan da deyə bilər ki, onlar da Azərbaycanın Prezident Administrasiyasını nəzarətdə saxlayırlar. Bu tip bəyanatı verməyə nə var ki. Sual edərlər ki, nəzarətdə niyə saxlayırsınız ki, gedin torpaqları azad edin. Bu, sadəcə olaraq populist danışıqlardır. Bu bəyanatların davamı nədir? Bu bəyanatların nəticəsində Azərbaycan işğal altında olan ərazilərdə bir addım qabağa gedə bilibmi? Kimisə günahlandırmaq da istəmirəm. Işğal altında olan torpaqların azad olunmasıyla bağlı çətinlikləri, xarici faktorları anlayırıq. Amma bu cür bəyanatların üzərində dövlətin təbliğatını qurmaq heç bir fayda verməz.
“Hakimiyyətin hədəfi vətəndaş cəmiyyətini daha da zəiflətməkdir”
– Hazırda Avropa Birliyinin və NATO-nun Azərbaycana marağı artıb. Azərbaycan həm geosiyasi, həm də enerji baxımından Rusiyaya alternativ kimi göstərilir. Amma Azərbaycana marağın artmasının fonunda hakimiyyət daxildə demokratik ictimaiyyətə qarşı təzyiqləri artırmaqdadır…
– Hakimiyyət üçün vacib olan məsələ beynəlxalq layihələrin gələcəyidir. Hakimiyyətin 2013-cü il prezident seçkiləri ərəfəsində beynəlxalq aləmdən müəyyən öhdəliklər götürdüyü məlum idi. Bu öhdəliklərin nədən ibarət olduğu bilinmir. Hətta bəzi Amerikalı diplomatlar da belə bir razılaşmanın olduğunu təsdiqləyir. Amma məsələ burasındadır ki, maraqları, ABŞ-la əməkdaşlığı nəzərə alaraq, Azərbaycan hakimiyyəti özünün əl-qolunu daha da açır. Ancaq hakimiyyət gözəl bilir ki, ona gələn il eyni siyasəti davam etdirmək çətin olacaq. Çünki gələn il parlament seçkiləri keçiriləcək və bu seçkilərin demokratik keçirilməsiylə bağlı ciddi təzyiqlər olacaq. Digər tərəfdən, hakimiyyət növbəti seçkinin demokratik keçirilməsi ilə bağlı müxtəlif vədlər verib. Ona görə bütün bunlar mühüm məsələlərdir. Ona görə həmin müddətə qədər hakimiyyət vətəndaş cəmiyyətini sıxmağa və müəyyən çərçivəyə salmağa çalışacaq ki, toplumun manevrləri 2015-ci ildə zəif olsun. Bu üzdən hazırda vətəndaş cəmiyyəti hədəf seçilib. Bundan başqa, gələn il Avropa Şurasının Nazirlər Kabinetində sədrlik də Azərbaycana keçəcək. Bu, hakimiyyətin davranışlarına diqqəti artıracaq. Bundan başqa, bələdiyyə seçkilərinin də bu mərhələyə təsadüf etməsi maraqlı mənzərə yarada bilər. Əgər müxalifət bələdiyyə seçkilərində iştirak etsə, hakimiyyətin vəziyyəti bir qədər də pisləşə bilər. Avropanın ilk Olimpiya oyunlarının da Azərbaycanda keçirilməsi ölkəmizə marağı artıran faktorlardandır. Bütün bunlar isə hakimiyyəti bir sıra hüquq və azadlıqları təmin etməyə vadar edəcək. Hətta Soçi Olimpiadası zamanı Putin sərbəst toplaşmaq azadlığını təmin etməyə məcbur oldu. Azərbaycanda da bu qaçılmazdır. Deməli, hakimiyyət məcbur olacaq ki, aksiyaların keçirilməsinə icazə versin, basqıları azaltsın, siyasi məhbus problemini həll etsin. Ona görə də hakimiyyət indidən nə bacırırsa, onu etməyə çalışır ki, vətəndaş cəmiyyəti bu mərhələyə güclü çıxmasın. Hakimiyyət Ukraynada baş verənlərdən həqiqətən də narahtlıq keçirir. Amma hakimiyyət üçün daxili stabillik və vətəndaş cəmiyyətinin nəzarətdə saxlanılması daha vacibdir.
Kompromat savaşının səbəbləri
– Məmur övladlarının avtoşluğuna rəsmi strukturlar tərəfindən heç bir reaksiya verilmir. Bu məsələdə ikili standartların tətbiqi göz önündədir. Hakimiyyəti bu məsələdə bu qədər arxayın edən nədir?
– Hakimiyyət özü ikili standartlarla yaşayır. Azərbaycanın bütün məmurları həm də tərəfdən oliqarxdırlar. Çünki iri biznesləri var. Siyasi hakimiyyətlə maliyyə bir-birinə qarışanda ona oliqarxiya deyirlər. Bu məmurların övladları isə onlara bənzər həyat tərzi sürürlər. Çünki nümunə validyenlərdir.
– Məmur övladları ilə bağlı yayılan informasiyaları hakimiyyət daxilində gedən kompromat savaşı kimi dəyərləndirənlər də var. Çünki vaxtaşırı hakimiyyət daxilindəki savaşın təzahürləri bu formada özünü göstərir. Məmurlar bir-birlərinə qarşı topladıqları kompromatları ictimailəşdirirlər…
– Bəli, hakimiyyətdə bir süfrə arxasında daha çox əldə etmək istəyənlər savaşı qızışdırırlar. Ənənəvi olaraq biz bu kompromat savaşının şahidi olmuşuq. Bundan sonra da bu savaş davam edəcək.
– Bu materialların gündəmdə olan digər məsələləri sıxışdırmaq üçün hakimiyyət tərəfindən bilərəkdən irəli sürüldüyü bildirilir. Çünki gündəmi tam fərqli olaylar tuturdu. Bunlar sırasında xüsusilə ordudakı son həbsləri göstərmək olar…
– Cəmiyyətdə müəyyən dərəcədə böhran olanda bu cür situasiyalar yaşanır. Bir müddət əvvəl Quba, Ismayıllı hadisələri cəmiyyətdə aktivliyi artırmışdı. Daha sonra isə bu aktivlik seçki kampaniyasına keçdi. Bütün bu hadisələrin fonunda hakimiyyətdaxili qarşıdurma da özünü büruzə verir. Hakimiyyətdaxili münasibətləri uzun müddət gizli saxlamaq mümkün deyil. Ona görə bu, gündəmi dəyişmək cəhdi deyil. Sadəcə olaraq bu münasibətlər vaxtaşırı üzə çıxmalıdır.
– On gündən artıqdır ki, “NIDA”çı gənclər aclıq aksiyası keçirirlər. Amma hakimiyyət təmsilçilərindən heç kim buna reaksiya vermir. Bunu necə qiymətləndirmək olar?
– Hakimiyyət heç zaman ona qarşı yönələn bu cür aksiyalara reaksiya vermir. Hakimiyyət bu addımları cəmiyyəti xof altında saxlamaq üçün edir. Amma hakimiyyətə də həm daxildən, həm də xaricdən təzyiqlər artır. Ona görə hətta mən istisna etməzdim ki, mayın 28-də “NIDA”çı gənclər azadlığa buraxıla bilərlər. Və ya Olimpiya oyunları zamanı siyasi məhbus probleminin həlli istiqamətində addımlar atıla bilər.
– Hesablama Palatası Xarici Işlər Nazirliyində, Səhiyyə Nazirliyində dövlət vəsaitinin mənimsənilməsiylə bağlı ciddi faktlar aşkarlanıb. Amma bu faktlara heç bir reaksiya verilməyib. Milli Məclis də bu faktları sadəcə olaraq səs verməklə təsdiqləyib. Amma onların araşdırılması istiqamətində heç bir addım atılmayıb…
– Dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi zamanı kimsə artıq maliyyəni özələşdirirsə və müvafiq yerlərlə bölüşmürsə, o zaman onun barəsində tədbir görülür. Hesablama Palatasının funksiyası odur ki, o, dövlət vəsaitinin mənimsənilməsinə yol verməsin. Amma dövlət vəsaitini mənimsənilməsini də özləri həyata keçirdiyindən buna etiraz etmirlər.
Xəyal