Avropa Şurası ölkədəki vəziyyəti çox pis qiymətləndirdi
Gültəkin Hacıbəyli: «Avropa Şurası da başa düşür ki, demokratiya sahəsində güzəştli mövqe yaxşı nəticələrə gətirib çıxarmır»
Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatını açıqlayıb. Iki gün öncə açıqlanan hesabatın elə ilk abzasında təəssüflə qeyd olunur ki, Azərbaycan hakimiyyəti ifadə və sərbəst toplaşma azadlıqları, azad təşkilatlanma və mülkiyyət hüquqları sahəsində heç bir irəliləyişə nail olmayıb. Nöqsanları bir daha hökumətin diqqətinə çatdıran komissar eyni zamanda, bu sahədə rəsmi Bakı ilə birgə çalışmağa hazır olduğunu da bildirir.
Sənədin ifadə azadlığına aid bölümündə deyilir ki, Azərbaycanda jurnalistlərə, eləcə də fikrini ifadə edən digər şəxslərə – blogerlərə və internet fəallarına qarşı əsassız cinayət təqibləri intensivləşib. Insan haqları komissarı bəyan edir ki, öz ifadə azadlığı hüququndan yararlandığına görə həbsə atılanların dərhal buraxılması Azərbaycan hakimiyyətinin ilk işi olmalıdır. Komissar onu da bildiririr ki, Azərbaycan hakimiyyəti jurnalistlərin azad edilməsi tələblərinə, bir qayda olaraq, onların guya peşə fəaliyyəti ilə əlaqədar məhkum edilmədikləri cavabını verir. Halbuki, başqa mənbələrdən alınan çoxsaylı məlumatlar bunun tam əksini göstərir. Biz Azəərbaycanın yadına öhdəliklərini salırıq. Fikirlərini ifadə etdiklərinə görə həbsdə yatanların azadlığa buraxılmasına çağırırıq.
Bir qayda olaraq Avropa Şurası uzun illər Azərbaycandakı proseslərə ötəri yanaşıb, vəziyyəti normal dəyərləndirib, seçkiləri demokratiyaya doğru bir addım kimi qiymətləndirib.
Son hesabatda isə açıq görünür ki, Avropa Şurası Azərbaycanla bağlı konkret tələblər qoyur, ölkədəki vəziyyəti kəskin tənqid edir.
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli bildirdi ki, Avropa Şurasının son hesabatı reallığı əks etdirir və Azərbaycan dünyanın tələbinə uyğun olaraq addımlar atmalıdır: “Bu hesabatda Azərbaycandakı insan haqları və demokratiyanın durumu kəskin tənqid olunur. Avropa Şurası uzun müddət Azərbaycana tolerant münasibət bəsləyirdi. Bu da Rusiyanın bu təşkilatda əsas söz sahibi olması ilə bağlı idi. Rusiya Avropa Şurasının əsas donorlarından sayılır. Ancaq son olaraq Rusiyanın Krımı işğal etməsi, Avropa Şurasının səbrinin daşma nöqtəsi oldu. Ilk dəfə olaraq Avropa Şurası Rusiyaya qarşı sanksiyaların tətbiqinə start verdi və Rusiyanın addımını beynəlxalq hüquqa zidd hesab etdi. Avropa Şurası da başa düşür ki, demokratiya sahəsində güzəştli mövqe yaxşı nəticələrə gətirib çıxarmır. Ona görə də Avropa Şurasının mövqeyində müəyyən fərqlər hiss olunmağa başladı. Ukraynada baş verənlər Azərbaycanın Qərb üçün strateji önəmini artırdı və demokratiyanın zərurətini ortaya çıxardı. Hesabatdan da görünür ki, diffamasiya məsələsindən tutmuş, siyasi xarakterli həbslərə qədər bütün neqativ məqamlara həssas yanaşılıb. Mən bu hesabatı təqdir və tam real hesab edirəm. Hesab edirəm ki, Azərbaycan may ayının 14-dən Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik edəcək ölkə olaraq, müəyyən islahatlar aparmalı və Avropa Şurasının adından danışmağı haqq etməlidir. Bu, dəyişən dünyanın tələbidir”.
Akif