Pərviz Həşimli: «Bu şəxslərin müxalifətə pul verib-verməməsilə maraqlanırdılar, məni «Quran»a əl basdırdılar»
«Hamı bilir ki, MTN-nin Nağıyev qardaşları ilə mübahisəsi var və məndən onlara qarşı ifadə almaq istəyirdilər»
Ötən ilin sentyabrında həbs olunmuş jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki məhkəmə iclası bir sıra maraqlı açıqlamalarla yadda qalıb.
Məhkəmə iclasının əvvəlində Pərviz Həşimli hakimlərə müraciət edərək, məhkəməyə gətirilərkən MTN-nin istintaq təcridxanasında qeydlərinin əlindən alındığını bildirib. Jurnalistin sözlərinə görə, ibtidai istintaq zamanı dəfələrlə qeydləri əlindən alınsa da, məhkəmə dövründə eləmirdilər: “Xahiş ediləm ki, istintaq təcridxanasının rəhbərliyinə müraciət edib, bu qanunsuz əməlin dayandırılmasını tələb edəsiniz”.
Siyasi sifarişlə həbs olunduğunu bəyan edən Pərviz Həşimli beynəlxalq təşkilatların onunla bağlı bəyanatlarını məhkəməyə təqdim edib: “Mənim həbsimin siyasi sifariş olunduğunu Avropa Şurası, ATƏT, ”Human Rights Watch”, “Amnesty International” və digər nüfuzlu təşkilatlar tənqid edib, həbsdən azad edilməyimi tələb ediblər”.
Lakin hakim bəyanatları qəbul etməkdən imtina edib: “Sənəd vəsatət şəklində yazılıb bütün tərəflərə, o cümlədən məhkəməyə təqim edilməlidir. Sizə xoş olsun deyə, mən bu kağızları qəbul etmiş olsam belə, bu yalnız cinayət işinin cildinin bir qədər qalınlaşmasına səbəb olacaq və iş üzrə heç bir əhəmiyyətə malik olmayacaq. Sənəd Cinayət Prosessual Məcəllənin tələbinə uyğun şəkildə məhkəməyə təqdim edildiyi halda, işdə istifadə oluna bilər”.
Pərviz Həşimli də öz növbəsində xatırladıb ki, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında insan hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri var: “Mənim hüquqlarım həbsimdən əvvəl də pozulub. Mənim həbsimdən Eldar Mahmudovun xəbəri olmayıb. Amma məni sırf sifarişlə, Əli Nağıyev və Cavid Qurbanovu ”vurmaq” üçün həbs ediblər. Həm də Ilqar Əliyev mənim barəmdə Eldar Mahmudova yalandan raport yazıb ki, guya, mən bu şəxslərdən pul alıb müxalifətə verirəm. Ilqar Əliyev məni bu şəxslərin əleyhinə ifadə etməyə məcbur edib. Amma mən olmayan şey barədə yalandan ifadə verməmişəm”.
Hakim bu yerdə Pərvizin çıxışını kəsib: “Siz bu fikirləri dəfələrlə təkrar eləmisiniz. Azərbaycan həm ATƏT, həm də Avropa Şurasının tamhüquqlu üzvüdür, ölkəmiz insan hüquqları ilə bağlı müvafiq sənədləri ratifikasiya edib, hüquq və azadlıqlar da təmin olunur. Məhkəmə prosesi də davam edir, əgər nədənsə narazısınızsa, sizin şikayət etmək hüququnuz var”.
Jurnalistin vəkili Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirliyinin mayoru Kamal Rəsulzadənin məhkəmədə şahid qismində dindirilməsi barədə vəsatət verib: “Iş materiallarından belə məlum olur ki, Təvəkkül Qurbanovun telefonu məhkəmənin qərarı ilə dinlənilib və bu dinləmələr nəticəsində Təvəkkül Qurbanovun Biləsuvarda Iran vətəndaşı ilə görüşəcəyi barədə məlumat olub. Belədirsə, o zaman hansı səbəbdən Təvəkkül Qurbanov iranlı ilə görüşəndə və silahı qəbul edəndə həbs olunmayıb?”
Vəkil telefon danışıqlarını dinləyən MTN əməkdaşlarının da məhkəmədə dindirilməsini istəyib.
Vəkilin başqa bir vəsatəti Pərviz Həşimliyə qarşı təzyiqlərdə adı hallanan MTN zabitləri – Əlisahib Mürşüdov və Ilqar Əliyevin, həmçinin jurnalistin həbs olunduğunu görmüş “moderator.az” saytının əməkdaşı Sədi Əliyevin, Pərvizi Gəncədə Təvəkkül Qurbanovla tanış etmiş Ilqar Murtuzovun da əlavə şahid qismində məhkəmədə dindirilməsi barədə olub.
Pərviz vəsatətlərə əlavə olaraq deyib ki, əslində, Gəncədə Təvəkkülün özü onunla tanış olmağa can atıb: “Mən bunların ikisi ilə də cəmi bir dəfə görüşdüm. Ayrılıb maşına minmişdim, Təvəkkül qaça-qaça gəldi ki, oğlunun kəsir işi var. Elşən Murtuzov da təzyiq altında ifadə verib”.
Pərviz onu da qeyd edib ki, istintaq zamanı ona Vəli Nağıyev və Cavid Qurbanovla bağlı çoxsaylı suallar verilib: “Məndən bu şəxslərlə necə tanış olduğumu soruşublar. Mən də səmimi şəkildə bu şəxslərlə tanış olduğumu, münasibətlərimizin olduğunu və tanışlığımızın sırf şəxsi xarakterli olduğunu demişəm. Bu şəxslərin mənim vasitəmlə müxalifətə pul verib-verməmələrilə xüsusi maraqlanıblar. Hətta MTN-nin Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin otağında məni ”Qurani Kərim”ə əl basdırıb and da içdiriblər. Mən Hacıyam, Allaha inanan adamam. Mən də and içib bu şəxslərin müxalifətlə heç bir əlaqələrinin olmadığını demişəm. Hamı bilir ki, MTN-nin Nağıyev qardaşları ilə mübahisəsi var və məndən istifadə edib onları vurmaq istəyirdilər”.
Hakimlikdən əvvəl MTN-də işləmiş Novruz Kərimov dərhal Pərvizin sözünü kəsib: “Biz burada MTN-i müzakirə etmirik. Bu nə sözdür? MTN Azərbaycanın milli təhlükəsizliyinə cavabdeh və bunu təmin edən qurumdur, bunu unutmayın!”
Ardınca vəkil Elçin Sadıqov daha bir vəsatət qaldırıb: “Bu cinayət işi saxta və quramadır, biz bunu dəfələrlə demişik. Hesab edirik ki, ümumiyyətlə, Təvəkkül Qurbanov Biləsuvarda olmayıb. Bu səbəbdən də Təvəkkül Qurbanovun 17 sentyabr 2013-cü ildə mobil telefonunun antenalar üzrə hərəkət trayektoriyası barədə məlumatın mobil operatorlardan, o cümlədən Bakı-Biləsuvar yolunda quraşdırılmış təhlükəsizlik kameralarının həmin tarixdə apardığı qeydlərin Dövlət Yol Polisi və Nəqliyyat Nazirliyindən alınaraq məhkəməyə təqdim olunmasını xahiş edirik”.
Vəkilin daha bir vəsatəti aşkarlandığı iddia olunan silahlarla bağlı olub: “Istintaq materiallarından məlum olur ki, işdə olan tapançalar ”siqnal” xarakterli istehsaldır və bunlar xüsusi xidmət orqanları üçün hazırlanır. Həmin silahlar yalnız kustar üsulla edilən müdaxilədən sonra atəşə yararlı olur. Istintaq zamanı həmin silahların döyüşə yararlı olub-olmadığına dair eksperiment keçirilməyib. Bu səbəbdən də xahiş edirik ki, həmin tapança və qumbaraların döyüşə yararlı olub-olmadığına dair eksperiment keçirilsin”.
Hakim bildirib ki, verilən vəsatətlərə hal şahidi Sevda Aslanovanın dindirilməsindən sonra baxılacaq.
Sevda Aslanovanın sözlərinə görə, qonşusu Aybəniz gəlib deyib ki, bir yer var, gəl gedək: “Mən də qoşulub getdim. Bu kişi də (Təvəkkül Qurbanovu göstərir) tapança çıxarıb təhvil verdi. Mən də qorxub çölə çıxdım”.
Pərviz Həşimlinin digər vəkili Bəhruz Bayramovun suallarını cavablandıran şahidin dediklərindən məlum olub ki, o, ümumiyyətlə, hara və nəyə görə getdiyini bilməyib: “Mən Allaha inanan, xəstə bir adamam. Mənə kiminsə üzünə durmaq yaraşmaz. Səhv edib, qonşuya inanıb getdim. Bir daha belə iş tutmayacam. Allah da günahlarımdan keçsin”.
Pərviz Həşimli şahidə sual verməkdən imtina edib: “Dindar adamdır, Aybəniz bunu aldadıb aparıb, bu xanıma nə sual verim?”
Məhkəmə prosesi aprelin 28-də davam edəcək.
Xatırladaq ki, Pərviz Həşimli ötən il sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı qaçaqmalçılıq, silah saxlama ittihamları irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, həbsinin siyasi sifariş olduğunu bəyan edir. Elə beynəlxalq təşkilatlar da bu fikirdədir. “Amnesty International” onu “vicdan məhbusu” elan edib.