Baş Prokurorluğun aprelin 24-də yaydığı rəsmi məlumata görə, “Parabank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin yol verdiyi qanun pozuntuları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Bildirilir ki, cəmiyyətin Nizami filialının kredit mütəxəssisləri Orxan Uğurluzadə və Toğrul Mirzəzadə tanışları Əfqan Vəliyev və Seymur Abdullayevlə qabaqcadan razılaşıb cinayət əlaqəsinə giriblər. Onların aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olaraq ümumilikdə 127 min 804 manat məbləğində əmlakı ələ keçirdikləri qeyd olunur.
Orxan Uğurluzadə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittihamla həbs edilib. Toğrul Mirzəzadəyə məcəllənin 178.3.2 və 313-cü, Seymur Abdullayevə 178.3.2-ci, Əfqan Vəliyevə isə 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib, barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.