Deputat “xalq diplomatiyası” adı altındakı səfərləri Ermənistan xüsusi xidmət orqanlarının nailiyyəti kimi qələmə verir
«Köçəryan və Sərkisyanla Azərbaycan dövləti adından danışmaq separatçının beynəlxalq hüquqda və münasibətlərdə leqitimləşməsinə xidmət edir»
Jurnalist Rauf Mirqədirovun həbsi ilə bağlı beynəlxalq ictimaiyyətdən gələn narazılıqlar hakimiyyətin sərt reaksiyasna səbəb olub. Hətta Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ səfirliyinin jurnalistlə bağlı bəyanatına kəskin etiraz edib. Deputatın sözlərinə görə, hər hansı şəxsin fəaliyyət növündən asılı olmayaraq həbsinə siyasi qiymət, siyasi bəyanat vermək doğru addım deyil. Bu, hüquq sisteminə hörmətsizlikdir.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rauf Mirqədirovun Türkiyədən qəfil deportasiyası və Bakıda saxlanmasından narahat olduğunu bəyan edib.
Millət vəkili APA-ya açıqlamasında «xalq diplomatiyası» ilə bağlı da mövqeyini ifadə edib. Ə.Hüseynlinin sözlərinə görə, QHT və jurnalistlərin “xalq diplomatiyası” adı altındakı səfərləri Ermənistan xüsusi xidmət orqanlarının nailiyyətlərinə işləyib. Deputat hesab edir ki, jurnalist Rauf Mirqədirovun fəaliyyətini ictimaiyyətə “xalq diplomatiyası” kimi çatdırması yanlışdır.
AXCP Rəyasət Heyətinin üzvü, siyasi şərhçi Seymur Həzi Azərbaycan hökumətinin rəsmi mövqeyi ilə deputatın fikirlərinin üst üstə düşmədiyini deyir. Çünki Azərbaycan dövlətinin rəsmi mövqeyi və fakt da bundan ibarətdir ki, Azərbaycanın 11 inzibati rayonu Rusiyanın dəstəyi və Ermənistanın təşkilatçılığı ilə bir qrup separatçı dəstə tərəfindən işğal edilib. Bu münaqişədə Ermənistan rəsmi tərəfdir. Azərbaycan bütün beynəlxalq öhdəliklərində və öz konstitusiyasında bəyan edib ki, o vətəndaşları arasında heç bir irqi və milli ayrı-seçkiliyə yol vermir. Bu təsbitlər Azərbaycanın işğal olunmuş bölgəsində yaşayan etnik ermənilərə də aiddir. Ermənilər o vaxt cinayətkar hesab olunurlar ki, onlar bu işğalda birbaşa və ya dolayı yolla iştirak ediblər. Bu qəbildən ermənilərin adını xatırlayarkən separatçı və qondarma Dağlıq Qarabağ respublikasının hərbi birləşmələrində xidmət etmiş, sonradan Ermənistana rəhbərlik etmiş şəxslər Robert Köçaryan və Serj Sərkisyan yada düşür. Bu şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində, habelə Xocalı soyqırımında birbaşa iştirak etdikləri heç kimə sirr deyil və Azərbaycan Respublikasının prokurorluğu bu əməllərinə görə onlar üçün müvafiq cinayət işi qaldırıb. Buna baxmayaraq Azərbaycan hakimiyyətinin təmsilçiləri özlərində siyasi iradə tapıb bu cür şəxslərlə təşkil olunmuş görüşlərdən imtina etmirlər. Fəqət heç bir cinayətdə iştirakı sübut olunmayan vətəndaş cəmiyyətinin üzvlərinin bir biri ilə şəffaf təmasları hakimiyyət tərəfindən cinayət hesab olunur: «Bu halda güman etmək olar ki, ya Azərbaycan hökuməti özünün yol verdiyi səhvlərin üstünü qapatmaq üçün vaxtaşırı şoular yaradır, ya da bu cür hadisələr onların ictimaiyyətə bəlli olmayan sair məqsədlərinə xidmət edir. Köçəryan və Sərkisyanla Azərbaycan dövləti adından danışmaq separatçının beynəlxalq hüquqda və münasibətlərdə leqitimləşməsinə xidmət edir. İki jurnalistin bir biri ilə təması isə bizim konstitusiyamızda göstərildiyi kimi dinc insanların sülh məqsədi ilə təmasıdır».
ABŞ səfirliyinin bəyanatına edilən etiraza gəldikdə, ekspert Birləşmiş Ştatları qınamağın tərəfdarı kimi çıxış edir: «ABŞ qınanmalıdır. Ancaq ona görə yox ki, Rauf Mirqədirovun həbs edilməsini siyasi məsələ kimi qiymətləndirib. Ona görə ki, ABŞ Minsk qrupunun həmsədri kimi cinayətkar Köçəryan və Sərkisyanla qeyri-leqitim Əliyev hakimiyyətinin görüşlərindən sülhün yarana biləcəyinə inamını ifadə edir».
Fizzə