ABŞ Ukraynaya maye qaz tədarük etməklə bu ölkənin Rusiyadan enerji asılılığını azaltmaq niyyətini artıq açıq şəkildə ifadə edib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Ed Roys bildirib ki, Azərbaycanda Avropaya Rusiyanı yan keçməklə, qaz borusu çəkilməsi planlaşdırılır. Yeni boru ilə bağlı artıq Azərbaycanla danışıqlara başlandığını deyən E.Roys vurğulayıb ki, bu addımlar Avropa və Ukraynanın Avropa asılılığından qurtarmağa hesablanıb.
Baş verənlərin fonunda Azərbaycanın Ukrayna və Avropaya bu cür açıq formada dəstək verməsi heç şübhəsiz Rusiyanın sərt təpkisinə səbəb olacaq. Çünki Azərbaycanın bu cür layihələrdə iştirakı heç də Rusiyanın maraqlarına uyğun deyil. Bu arada isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, ölkəsinin Ukraynada maraqlarına, 2008-ci ildə Cənubi Osetiyada olduğu kimi ziyan dəysə, onda Rusiya əvəzini çıxacaq. “Əgər bizə hücum olsa, biz cavab verəcəyik”, – deyə nazir Rusiya televiziyasına müsahibəsində bildirib.
Vəfa Quluzadə: «NATO Rusiyaya qarşı Azərbaycana təminatlar verəcəksə, o zaman biz bu layihəyə qoşula bilərik»
Politoloq Vəfa Quluzadə hesab edir ki, ABŞ-ın elan etdiyi proyektdə Azərbaycanın yaxından iştirak etməsi ölkəmizin maraqlarına uyğundur. Belə bir proyektdə iştirakın Azərbaycanın tam formada Qərblə eyni mövqedən çıxış etməsi anlamına gəldiyini deyən V.Quluzadə bildirdi ki, amma Qərb bir məqamı nəzərə almalıdır. Bu məqam da Azərbaycanın Avropa və Ukraynaya açıq dəstək verəcəyi təqdirdə Rusiyadan gələ biləcək təzyiqlərlə bağlıdır: «Azərbaycan Ermənistanla deyil, Rusiya ilə müharibə vəziyyətindədir. Rusiya da bu müharibəni yaradanda onu hesablayırdı ki, zamanı gələn zaman bu münaqişə yolu ilə Azərbaycanı neytrallaşdırsın. Ona görə qərb bu incə məqamı nəzərə almalıdır. Əgər NATO Rusiyaya qarşı Azərbaycana təminatlar verəcəksə, o zaman biz həm neftimizi, həm də qazımızı Qərbə nəql etməyə hazır olacağıq. Çünki Rusiya Azərbaycana qarşı təzyiq vasitəsilə cəbhə xəttində hərbi əməliyyatları yenidən bərpa edə bilər. Rusiya hətta Azərbaycanı təxribata çəkərək, atəşkəsin pozulmasını rəsmi Bakının üzərinə də ata bilər».
Rusiyanın hazırda regionda baş verənlərin fonunda Ermənistanla hərbi sahədə əməkdaşlığını dərinləşdirməsinin də Azərbaycana bir mesaj olduğunu düşünən V.Quluzadə bildirdi ki, Rusiya eyni zamanda Xəzərdə də tam ağalığa nail olmaq istəyir. V.Quluzadənin fikrincə, Xəzəryanı dövlətlərin Moskvada keçirilən toplantısı bunu bir daha sübut etdi. Bu baxımdan Rusiya rəhbərliyinin səsləndirdiyi bəyanatların fonunda Xəzərdə donamasının hərbi hazırlığını yoxlaması da təsadüfi deyil.
Lavrovun Ukraynaya hərbi müdaxilə ilə bağlı səsləndirdiyi bəyanata gəlincə V.Quluzadə hesab edir ki, Ukrayna ilə bağlı böhran dərinləşdikcə, Rusiya tədricən öz simasını itirir. Məhz Rusiyanın Ermənistana dəstəyi nəticəsində Azərbaycan torpaqlarının işğal olunduğunu deyən V.Quluzadə qeyd etdi ki, Rusiyanın hazırkı aqrresiv siyasəti təkcə Ukraynaya qarşı ünvanlanmayıb: «Lavrovun bəyanatları eyni zamanda NATO və digər postsovet ölkələrinə qarşı yönəlib. Lavrov Rusiyaya hücum olacağı təqdirdə cavab tədbirləri görəcəklərini söyləyən zaman çox əsəbi görünürdü. Çünki Rusiya NATO-nun onun sərhədlərinə yaxınlaşmasından ciddi təşviş keçirir. NATO isə Avropadakı kontingetini artırmaqda davam edir».
Xəyal