Rusiya Kiyevi hədələdi, sərhədə qoşun göndərdi
Putin Qərbin sanksiyalarının Rusiyaya təsirini etiraf etdi
Ukrayna hökuməti ölkə ərazisində anti-terror əməliyyatlarını davam etdirir. Ölkənin hüquq-mühafizə orqanları Slavyansk vilayətində separatçılara məxsus 3 hərbi postu ələ keçirib.
Tərəflər arasında gedən şiddətli atışmada 5 separatçı öldürülüb. Ukrayna Daxili Işlər Nazirliyinin verdiyi məlumatda bildirilir ki, Ukrayna ordusu döyüşlərdə itki verməyib. Nazirlik onu da qeyd edib ki, anti-terror əməliyyatları ölkə boyu davam etdiriləcək və bütün silahlı qruplaşmalar tərk-silah ediləcək.
Qeyd edək ki, dünən Ukrayna xüsusi təyinatlıları Luqansk şəhərinin teleradio binasını separatçılardan azad edib.
Rusiya prezidenti Vladimir Putin isə rəsmi Kiyevin Şərqi Ukraynaya ordu yerləşdirməsini “xalqa qarşı ciddi cinayət” adlandırıb və əlavə edib ki, bunun nəticələri ağır olacaq.
Sankt Peterburqda Ukrayna haqda danışan Putin deyib ki, Kiyevdə hakimiyyətdə xuntadır. O, separtaçılara qarşı həyata keçirilən hərbi əməliyyatı “cəza tədbiri” kimi qiymətləndirib.
Putin Qərbin Rusiyaya qarşı sanksiyalarına da münasibət bildirib. Etiraf edib ki, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına təsir edir, ancaq bu təsir həlledici deyil.
Ardınca da Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyanatla çıxış edərək bildirib ki, Rusiya Ukraynanın şərqində baş verən hadisələrə cavab olaraq,ÿCənub və Qərb hərbi dairələrində təlimlərə başlayır: “Rusiyanın sərhəddə başladığı hərbi təlimlər Ukrayna ordusunun Şərqi Ukraynada rusiyapərəst qüvvələrə qarşı əməliyyatına və Polşada, Baltik ölkələrində NATO-nun fəallaşmasına cavabdır”.
Şoyqunun sözlərinə görə, Şərqi Ukraynada hərbi əməliyyatlarda 11 minlik Ukrayna ordusu iştirak edir və buraÿtanklar, zirehli texnika, təyyarələr daxildir.
Şoyqu xəbərdarlıq edib ki, Ukraynanın hərbi maşını dayandırılmasa, bu, daha çox ölümə və yaralıya aparacaq. Onun sözlərinə görə, Polşada və Baltik ölkələrində NATO təlimləri vəziyyətin stabilləşməsinə kömək etmir.
Ukraynanın daxili işlər naziri Arsen Avakov isə bildirib ki, Rostov vilayətinin Ukrayna ilə sərhəddə yerləşən Novoşaxtinsk şəhərinin sakinləri Rusiya ordusunun sərhədə doğru hərəkətini çəkib. Nazirin sözlərinə görə, hərbi texnika arasında BTR-80, əsgərlərlə dolu “KAMaz” maşın, yanacaq daşıyan “URAL”, özü hərəkət edən artilleriya qurğusu “2S23″ olub. Texnikanın tam müasir olduğunu da aydınlaşdırmaq mümkün olub.
Qeyd edək ki, Novoşaxtinsk Ukrayna ilə sərhəddən 10 kilometr aralıda yerləşir.
Arsen Avakov həmçinin məlumat verib ki, Ukrayna milisi Mariupol şəhər Şurasının binasını separatçı dəstələrdən azad edib: “Meriya normal iş rejiminə qaytarılması üçün azad edilib. Əməliyyatda vətəndaş cəmiyyəti fəallarının rolu yüksək olub. Daxili Işlər Nazirliyi vəziyyəti normallaşdırmaq üçün tədbirlər görür. Hazırda binada partlayıcı qurğuların olub-olmadığı yoxlanılır. Mer artıq binadadır”.
Nazir deyib ki, əməliyyat itkisiz baş tutub. O, şəhərdə vəziyyətin tam normallaşdırılması üçün tədbirlərin davam edəcəyini də əlavə edib.