«Bunu inkişafın göstəricisi kimi qələmə vermək doğru olmaz»
«Mobil operatorların danışıq qiymətlərinin baha olması səbəbindən abunəçilər tez-tez nömrə dəyişməyə məcbur olur»
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, Azərbaycanda ötən ilin nəticələrinə əsasən, mobil nömrələrin sayı 9 milyon 720 min 600 nömrə təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, onlardan 7 milyon 957 min 800 aktiv, 1 milyon 762 min 600-ü isə passiv nömrələrdir. Hazırda orta hesabla “Azercell Telekom” şəbəkəsində mobil nömrə istifadəçilərinin sayı 4,5 milyon, “Bakcell” şəbəkəsində 2,8 milyondur. 2,4 milyon isə “Azerfon” şirkətinin şəbəkəsində istifadə edilən mobil nömrələrin payına düşür.
2012-ci ilin nəticələrinə əsasən, “Azercell Telekom” şirkətinin mobil nömrə istifadəçilərinin sayı 4,4 milyon, “Bakcell” istifadəçilərinin sayı 2,6 milyon, “Azerfon” şirkətinin istifadəçilərinin sayı 2 milyondan çox olub. 2013-cü ildə isə “Azerfon”un mobil nömrə istifadəçilərinin sayı 16%, “Bakcell” və “Azercell Telekom2 şirkətlərinin mobil nömrə istifadəçilərinin sayı isə müvafiq olaraq 7,1% və 2,2% artıb.
Məlumata görə, ötən ilin nəticələrini əsas götürərək demək olar ki, “Azercell Telekom” şirkətinin bazar payı 53,7%, “Bakcell”in bazar payı 28,8%, “Azerfon” şirkətinin bazar payı isə təqribən 25% təşkil edir.
Rəsmi qurumlar mobil nömrələrin 9 milyon 720 min 600-ə çatdığını əslində ölkədə inkişafın daha bir nümunəsi kimi qələmə verməyə çalışırlar. Hətta bəzi hallarda nömrələrin sayı qədər ölkədə mobil telefonların istifadədə olduğu da qeyd olunur. Ancaq reallıq bunun tam əksini göstərir. Mobil nömrələrin sayı ölkədə ilk mobil operatorun fəaliyyətə başladığ gündən hesablanıb. Təxminən iyirmi illik müddətdə mobil telefon istifadəçilərinin, demək olar, hamısı bir neçə dəfə nömrə dəyişib. Kiçik bir sorğu göstərir ki, ölkədə bir adamın adına bəzən onlarla telefon nömrəsi olub. Bu nömrələrin bir hissəsi artıq istifadə olunmasa da, statistik məlumatlarda əksini tapır. Üstəlik, mobil operatorların danışıq qiymətlərinin baha olması səbəbindən abunəçilər tez-tez nömrə dəyişməyə məcbur olur. Bir çox hallarda isə bir abunəçi hər üç mobil operatorun nömrəsindən istifadə etmək məcburiyyətində qalırdı. Bunu isə inkişafın göstəricisi kimi qələmə vermək doğru olmaz.
Fizzə