“Ana kimi yar olmaz, Bağdad kimi diyar…” Olmaz vallah. Yer üzündə bir ananın öz övladı üçün qatlaşdığı cəfanı kimsə çəkməz. Hamımızın bildiyimiz, gördüyümüz və şahid olduğumuz bir gerçəkdir bu, isbata ehtiyacı yox. Bir ana övladının qaşlarını çatmasına dayanmaz, hələ ki, aclığına. Dünyanın bütün acıları gəlib boğazına düyünlənər, aldığı nəfəs zəhərə dönər övladının ac olduğunu bilən bir ananın. Amma söhbət Afrikada yoxluqdan, yoxsulluqdan, bəla kimi insanların üstünə çökmüş aclıqdan getmir. Söhbət bu aclığın Azərbaycan “modeli”ndən, bolluq içində yaşanan mənəvi aclıqdan gedir. Hazırda həbsxanaları bürümüş gənc fəalların etiraz aclığından gedir. Həbsxana divarlarının bu tərəfindəki “məhbus” anaların övladlarına verdiyi dəstək aclığından… “Nida”çı gənclərin qəhrəman analarının başlatdığı aclıqdan…
Analar fədakardır, bəli. Həm də çox fədakar. Onlar məqsəd seçdikləri işə canlarını qoyarlar. Balaları üçün canlarını göz qırpmadan fəda edərlər. Keçən il Suriyanın Hule şəhərində baş verən qanlı hadisələrdə hökumət silahlıları tərəfindən 5 övladı qətlə yetirilən bir ananın videosu yayılmışdı. Övladlarının intiqamı üçün əlinə silah götürmüşdü ana. Belə səslənmişdi günahsız övladlarının qatillərinə: “Siz bizi deyil, Allahın kitabını tərk etdiniz!”
Başqa bir hadisə də Iraq hadisələri zamanı baş vermişdi. Amerikan ordusunun sıralarında Iraqa göndərilən oğlunun ölümündən sonra prezident Corc Buşun müharibə siyasətini lənətləyən Cindy Sheehan tərəfdarı ilə üç avtobusda ölkənin bütün şəhərlərini dolaşmış, savaşa etirazını bildirmişdi. Etirazçı ananın qəzəbi bununla da soyumamış, o, Corc Buşun Texasdakı malikanəsi qarşısında günlərlə oturaq aksiya keçirmişdi. Onun bu fədakarlığından sonra bütün ölkədə müharibə əleyhinə səsini ucaldanların sayı çoxalmış və bu etiraz Vaşinqtonda yüz minlərin böyük etiraz dalğasına çevrilmişdi.
Analar fədakardır, bəli. Üç ana – Zaurun, Rəşadətin və Şahinin anası üç gündür məhbus övladlarının aclıq aksiyasına qoşulublar. Ümidlərin dar ağacına çəkildiyi bir yerdə işıq ucu aramaqdı bu, əlbət! Balasını quzğunun ağzından qurtarmaq üçün sona qədər savaş verən bir çılğın quş kimi! Hər kəsin gücü böyüklüyü qədərdir, daha doğrusu, mənəvi şkalada yüksələ bildiyi səviyyə qədər. Zor və həbsxana güc demək deyil, zorakılıq, qabalıq və qəddarlıqdır ən yumşaq halda. Günahsız insanları zorakılıqla dustaqxanalara doldurmaq, analarına gözdağı vermək, üstəlik, üzlərinə 7-8 il həbs cəzası oxumaq Allahın kitabını tərk etməkdir ki, başqa bir şey deyil.
Azərbaycan son 10 ildə vicdan məhbuslarının dövriyyəsinə görə xeyli irəli gedib. Bu müddətdə müəyyən aralıqlarla həbs olunan insanların siyahısı tam geniş və rəngarəngdir. Jurnalist, siyasətçi, tələbə, din xadimi, bloger, vətəndaş cəmiyyəti fəalları və daha kimlər… Bir neçə gündən sonra həmin siyahı bir az da uzanacaq. 8 gənc fəala hökm oxunacaq yaxınlarda. Sıranın davam etməyəcəyinə təminat verən heç bir əsas yoxdur. Amma elə belə gəlib, belə gedəcəyinə güvənənlər də tamamən yanılırlar. Özünü firon sayanların təkəbbürünə aldırmadan, dünya dəyişməyində davam edir. O dəyişiklik Azərbaycan üçün də var. Bunu o dəmir barmaqlıqlar arasında azadlıq nəğmələri ilə susmadan haqsızlığa meydan oxuyan gəncliyin mənəvi gücü də, onların qürurlu və cəsur analarının iradəsi də çəkinmədən deməyə əsas verir.