Azərbaycanda dövlətə xəyanət partiyası var. Adını çəkmirəm. Adını çəksəm, məni də tutdurarlar (Onsuz da çoxdan belə bir istəkdədirlər). O partiyanın xəyanət partiyası olduğunu bilməyən yoxdur. Gündəlik keçənəcəkdən, dolanışıq dözülməzliyindən tutmuş, “balanslı siyasətə”, DƏHŞƏTLI dərəcədə “uğurlu neft-qaz strategiyasınadək” o partiyanın xəyanətləri saysızdır.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı” 51 milyard manatlıq oğurluq, yeyinti-mənimsəmə, 17 milyard manatlıq ayrı bir oğurluq, 48 milyard dollarlıq offşor faktı, gömrükdəki milyardlarla “özəlləşdirmə”, vergidəki, sosial təminatdakı ölkəboyu yeyinti-dağıntı… təkcə 2009-cu ildə ölkədə 16,5 milyon ton neft oğurlanıb. Pula çevirəndə bu, 7 milyard, 127 milyon, 663 manat, 71 dollar edir. Rövnəq Abdullayevlə Anar Əliyevi də bunun üstünə gəlsək, milyardlarla oğurluqdan danışmaq gərəyi yaranar. Fövqəladə Pullar nazirinə bağlı 300 şirkət, Nəqliyat nazirinin oğlunun ABŞ konqresmenlərinə verdiyi 500 min manatlıq qonaqlıq… bir də özünü yandırmaq-öldürmək yoluna sürüklənən Qarabağ döyüşçüləri.
29 avqust 2013-cü il. Saqatlı rayonu. Dövlət başçısı – prezident 21 kilometrlik Qarayevkənd-Smadakənd yolunun 11-ci kilometrinin açılış lentini kəsərkən etdiyi geniş çıxışında bildirir: “Bu yol mənim bilavasitə tapşırığımla dünya standartlarına uyğun olaraq çəkilib”. Aradan vur-tut 7 ay keçib, prezidentin tapşırığıyla “dünya standartlarına uyğun olaraq çəkilmiş” o yol dönə-dönə uçulub-dağıldığından, indi orada üçüncü-dördüncü təmir işləri gedir. 11 kilometrlik o yola prezident indiyədək üst-üstə 7,5 milyon manat pul ayırıb. Dünya standartlarına gəlincə, bu, ən azı, 30 illik qarantiya deməkdir. Böyük pulla, (burada 7,5 milyon m.) çəkilən yolun bir neçə ay sonra dağılması dövlətə xəyanət faktıdır. Bakıdan Balakənə, Astaradan Ağstafayadək ölkənin soyulub-yağmalanması, dövlət büdcəsinin dağıdılması baxımından Azərbaycan DÖNÜKLÜK – XƏYANƏT faktları ilə aşıb-daşır. Ancaq, Azərbaycanda 93-dən bu yana Xalq hakimiyəti yerinə antiXalq hakimiyəti qurulduğundan, Demokratik Hüquq dövləti yerinə saray dövləti formalaşdırıldığından, bir çox bəlli qurumlar bu saray dövlətini qoruma qurumlarına çevrildiyindən xəyanət-cinayət anlayışları baş-ayaq salınıb.
Buna görə əsgər ölümünə yol verənlər deyil, “Əsgər ölümünə son!” deyənlər bu ölkədə xəyanətkar-cinayətkar sayılır. Buna görə bu ölkədə rejimə qarşı kəskinliklə çıxan partiyanın qərərgahı partladılır. Buna görə bu ölkədə gerçəyi yazan TƏK müxalifət qəzetinə min bir əngəl yaradılır. Buna görə bu ölkədə rejimə, rejim yalanlarına qulluq etməyən istənilən jurnalistın real-potensial suçlaması DÖVLƏTƏ XƏYANƏTDIR. Dövlətin başında duran adam Orta çağ düşüncəsində bulunaraq “Dövlət mənəm!” davranışları sərgiləyirsə, ölkədəki qanun qurumlarından: gizli-açıq polisdən, prokurorluqdan, məhkəmədən qanunçuluq gözləməyə dəyərmi?!
Bütün bunlara görə rejim sözçüsü Əli Həsənov 2013-cü il prezident seçkisindən bir il öncə demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Buna görə adama ödül düşür: kriminal rejim gerçəyini olduğu kimi dilə gətirdiyi üçün! Bunu da seçkiqabağı Ə.Həsənov demişdi: “Biz Avropa iqtisadiyatına sərmayə yatırırıq”. Azərbaycanda rejim dəyişikliyinə yol verməmək üçün “Avropa iqtisadiyatına sərmayə yatırmaq?, – bu sizin üçün daha balanslaşdırılmış siyasət deyil, birbaşa hədəfə vuran STINGER siyasətdir! Bu sayaq STRATEJI siyasətlərin ardınca jurnalist nədi, dövlətin özünü də dövlətə xəyanətdə suçlayıb TÜRMƏLIK etmək olar!
Budur, ortada “əsaslı şübhələr olduğundan”, jurnalisti “dövlətə xəyanət” suçlaması ilə tutub türməlik etdilər. Tanış tarix görsənişləridir: 1993-dən 1937-lərə doğru…