Dostumun atası tez-tez klassik ədəbiyyatdan misallar çəkir. Maraqlı adamlar belədir, onların maraqlı da istinadları olur, onlar başqalarının diqqətindən yayınmış bir sözü yada salanda başa düşürsən ki, oxuduğun həmin əsərdə hələ çox qiymətli mənalar gizlənib. Onun çox sevdiyi bir misal Onore de Balzakın möhtəşəm “Qoria ata”sındandır. Mən özüm də o əsəri sevirəm, həm də o qədər çox ki, bir dəfə bizim nəşriyyatların buraxdığı “Cehizlik kitabı”nı görəndə demişdim: bu kitabı deyə bilmərəm, amma əminəm ki, qız ərə gedənəcən də, gedəndən sonra da “Qoria ata”nı oxumalıdır. Bu bir zarafat olsa da, həmin əsərin dəyərini nə artırır, nə azaldır. Çünki “Qoria ata” misilsiz əsərdir. Çeynənmiş söz olmasın, ölmədən öncə hər kəsin oxumalı olduğu kitabların arasında olmalıdır.
“Görəsən daş qəlblərmi pisdir, boş başlarmı?” – dostumun atasının “Qoria ata”dan gətirdiyi istinad əslində bu sualdır.
Mən özüm bu suala müxtəlif dövrlərdə fərqli cavablar vermişəm, gah daş qəlbli bilikliləri görüb dəhşətə gəlmişəm, gah da boş başlı coşqun ürək sahiblərini. Heç kimin cavabını mübahisələndirmək istəyində də deyiləm. Insan olaraq da, cəmiyyət olaraq da hər iki tiplərdən kifayət qədər çəkmişik. Necə istəyirsiniz elə də seçin cavabınızı. Istəyirsiniz, ümumiyyətlə, ötüb keçin bu sualdan, onsuz da həyat bu sual üzərində düşünməyə məqam və səbəb yaradacaq. Bayağı səslənir bir az, ondan da, bundan da çox görəcəksiniz.
Amma… Iki gündür mən bu sualın tam yeni cavabı üzərində düşünürəm. Iki gündür, eyni zamanda həm qəlbi daş olan, həm də başı boş olanlar haqda düşünürəm.
Aprelin 21-də həbsdə olan SMDT sədri Anar Məmmədlinin məhkəməsinə getmişdik. Anarın niyə həbs olunduğu mənə ilk gündən bəllidir. Onun həbs olunduğu ilk saatlarda bu dəyərli insanın həbsinə şərhim belə olmuşdur: “Seçki saxtakarlığını öz monitorinqində ifadə etdiyi üçün ondan intiqam alırlar. Onu şərləyiblər, suçu olmadan tutublar…”
Bu cür ziyalı, mədəni və mənəviyyatlı insanı şərləyib məhbəsə atmaq üçün Balzakın daş qəlbli saydığı insanlardan olmaq gərəkdir. Bəs məhkəmədə nə görsək yaxşıdır? Anar Məmmədlinin rəhbərlik etdiyi təşkilatın öz işçilərini, əməkdaşlıq etdiyi insanları zərərçəkən qismində məhkəməyə gətiriblər. Həmin zərərçəkənlər isə Anarın müdafiəsinə qalxdılar. Onlar hakimin təəccübünə “Anarı açıb buraxın həbsdən” deyə cavab verdilər. Bu nə istintaqdır bəs? Bu nə qabiliyyətdir? Bu nə ağıldır? Deməli, bizi təkcə qəlbi daş olan insanlar deyil, həm də başı boş olanlar sınağa çəkir. Bu insanlar bizi və özlərini hara aparmaq istəyirlər?
Aprelin 22-də isə NIDA-çıların məhkəməsinə getdik. Polis hər tərəfdən məhkəmə binasını mühasirəyə almışdı. Bilirlər ki, gənclər aclıq edir və bu səbəbdən də məhkəməyə gələnlər çox olacaq. Günahsız gənclərin həbsə atılması bir yana, onların aclıq dönəminə insanların həssaslıq göstərməsini də qəbul etmək istəmirlər. Bunların fikrinə görə, biz bu işıqlı gənclərin canlarına qıymasına laqeyd yanaşmalıyıq, sanki heç nə baş vermir. Yəni biz daş qəlbli olmalıyıq. Bununla yanaşı, davranışlara da baxdım. Məsələn, polis zabiti heç bir səbəbsiz Bəxtiyar Hacıyevlə yekəxana və “sən”lə danışır. Çox miskin davranışlar idi. O da bunu irad tutur və nəticədə Bəxtiyarı bölməyə aparırlar. Gənclərin günahsız həbsə atılması və aclıq aksiyası keçirməsi polis işçilərinin və məmurların qəlbini titrətmir, bunu bildik, bəs onlar ən adi davranış və danışıqları da edə bilmirlər?!
Hətta Balzak da işin bu qədərini sual etmirdi!