Gənc fəalların valideynləri də aclığı davam etdirir FOTO
Səkinə Qurbanlı: «Ya öləcəyik, ya da övladlarımız azad olunana qədər aclıq edəcəyik»
“Aclıq aksiyasını günahsız yerə həbs olunmuş övladlarımızın azad olunması üçün başlamışıq, mübarizəmizi sona qədər davam etdirəcəyik. Biz aclıq etməklə, uşaqlarımızın günahı olmadığına diqqət çəkmək istəyirik. Günahsız uşaqlar üçün prokurorun 6 il yarımdan 8 il yarıma qədər iş istəməsi heç bir məntiqə, hüquqa və insanlığa sığmır. Ya öləcəyik, ya da övladlarımız azad olunana qədər aksiyamızı davam etdirəcəyik” – bunu “Azadlıq”a açıqlamasında artıq üç gündür aclıq aksiyası keçirən “NIDA”çı Zaur Qurbanlının anası Səkinə Qurbanova deyir.
Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirən NIDA-çı gənclərin valideynlərini müxalifətçilər, jurnalistlər, gənclər təşkilatlarının üzvləri davamlı olaraq, ziyarət ediblər.
“Noyabrın 5-də oxunan ittiham aktı elə olduğu kimi də aprelin 17-də bir də təkrar oxundu. Elə bil heç məhkəmə keçirilməyib. Yəni, bu uşaqlar bu qədərmi dəhşətli cinayət törədiblər ki, prokuror bu qədər iş istəyir. Prokuror bu işi istəyəndə, gərək öz vicdanının səsinə qulaq asardı. Öz övladlarını gözünün qarşısına gətirərdi, öz anasını düşünərdi. Özünü heç olmasa, bir anlıq bizim yerimizə qoysun. Fikirləşsin ki, biz 1 il 2 aydır buna dözürük. Artıq dözməyə gücümüz yoxdur. Qərara almışıq ki, uşaqlarımız içəridə aclıq aksiyası keçirir, biz də onlara dəstək olaraq, ölənə qədər aclıq edəcəyik. Heç kəs bizi bu aksiyada əvəz etməsin, o vaxta kimi ki, o günahsız gənclər həbsdən qeyd-şərtsiz azad ediləcək. Bunun başqa yolu yoxdur”, – deyə həbsdəki NIDA-çıların valideynləri bildirir.
Bütün dünyada ən gənc siyasi məhbus olan NIDA-çı Şahin Novruzlunun anası Mehparə Novruzlu hələ də ümidlərini itirmədiklərini deyir: “Prokurorun bu qədər haqsızlıq etməyi biz valideynlərə çox pis təsir etdi. Elə bil ki, bu uşaqlar ağır bir cinayət işlədiblər. Heç adam öldürənə bu qədər iş vermirlər. Bizdə isə tam tərsinədir. Heç bir günahı olmayan, savadlı gəncləri şərləyib həbs ediblər. Baxmayaraq ki, məhkəmə heç nəyi sübuta yetirə bilmədi, aylar əvvəl oxunan ittihamı yenə təkrar oxudular”.
“Tələbimiz odur ki, haqsız yerə 1 il 2 aydır həbsdə olan uşaqlarımızı azadlığa buraxsınlar. Heç bir variantı yoxdur, uşaqlarımız azad olunmalıdır. Ölüm aclığı olsa belə, uşaqlarımızın azadlığını istəyirik”, – deyə Rəşadət Axundovun anası Mətanət Axundova bildirib.
Mətanət Axundova onu da qeyd edir ki, aylarla davam edən məhkəmə prosesi boyunca bu günclərin günahkar olduğunu təsdiqləyən bircə dənə də sübut ortaya qoyulmayıb: “Övladlarımızın sağlamlığını istəyirik, onların gəncliyindən bir il iki ayını aldılar, bundan sonra da 6 il yarım 8 il yarım kəsmək fikirləri var. Sona qədər aclıq edəcəyik”.
Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova “BBC Azərbaycanca”ya deyib ki, gənclərin səhhəti yaxşı deyil: “Rəşad Həsənovun başı gicəllənib, Üzeyir Məmmədlinin mədəsi ağrayır, Zaur Qurbanlının gözü qaralır, Bəxtiyar Quliyevi ”əsməcə” tutur, Rəşadət Axundov da halsızdır”.
Onun sözlərinə görə, Şahin Novruzlu və Ilkin Rüstəmzadə barədə isə məlumat yoxdur: “Yəqin, onların telefona çıxışlarını məhdudlaşdırırlar”.
Qeyd edək ki, NIDA-çı gənclərin işi üzrə növbəti məhkəmə iclası bu günə təyin olunub. Bugünkü iclasda vəkillər müdafiə nitqilə çıxış etməlidir.
Xatırladaq ki, NIDA-nın fəalları Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Ilkin Rüstəmzadə, Məmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzlu ötən ilin mart-may aylarında həbs olunublar. Onlar 2013-cü il martın 10-da əsgər ölümlərinə etiraz aksiyasında kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunurlar.
Aprelin 17-də prokuror çıxış edərək, Zaur Qurbanlı, Rəşadət Axundov və Ilkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.
Beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Amnesty International” bu günclərin saxta ittihamla həbs olunduğunu bəyan edərək, onları “vicdan məhbusu” adlandırıb.
Ramin DEKO