Iran rəsmisi bu problemin tezliklə həll olunacağını bildirir
Azərbaycan və Iran arasında viza rejiminin ləğvi ilə bağlı danışıqlarımız olub və viza rejiminin ləğvi üçün çalışırıq”. Bu sözləri Iran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Ibrahim Rəhimpur deyib. “Trend”in məlumatına görə, bu barədə IRNA agentliyi xəbər verir.
I.Rəhimpur ümid edir ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq. Nazir müavini deyib ki, Iran XIN-də hazırda xüsusi bir qrup Iran vətəndaşları üçün digər ölkələrlə viza rejiminin ləğvi məsələsini araşdırır.
Rəhimpur bildirib ki, Iran vətəndaşlarının digər qonşu ölkələrə gediş-gəlişini sadələşdirmək rəsmi Tehranın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Qeyd edək ki, Iran 2010-cu il fevralın 1-dən Azərbaycanla vizasız rejimin icrasına başlayıb.
Iran rəsmisinin açıqlamasında böyük arxayınçılıq hiss olunur və sanki məsələ həqiqətən də yaxın günlərdə həll olunacaq. Ümumiyyətlə, Azərbaycan hər zaman Iranla viza rejiminin aradan qaldırılmasına ehtiyatla yanaşıb və təhlükəszilik baxımından bu siyasəti düzgün hesab edib. Hətta Türkiyə ilə viza rejiminin ləğv olunmamasını da Iran faktoru ilə əlaqələndiriblər. Qeyd edək ki, Türkiyə də birtərəfli qaydada Azərbaycanla viza rejimini aradan qaldırıb. Azərbaycan isə hər dəfə bu məsələdə adekvat addım atmağa hazır olduğunu bildirsə də, hələ ki, qarşı tərəfin istəyini gerçəkləşdirməyib.
Ilham Əliyevlə Abdulla Gülün sonuncu Bakı görüşündə türkiyəli jurnalistlərin bu barədə sualını cavablandıran Ilham Əliyev dedi ki, məsələnin həlli üçün Azərbaycan da daxili prosedurları keçməlidir:ÿ
“Bu məsələlər daxildə bir daha müzakirə edilməlidir. Ümid edirəm ki, bütün daxili prosedurlar başa çatandan sonra Azərbaycan tərəfindən də buna bənzər addım atılacaq”.
Türkiyənin bir çox rəsmiləri müxtəlif vaxtlarda verdikləri açıqlamalarda bildiriblər ki, viza rejiminin ləğv edilməsi iki ölkə arasında mal dövriyyəsi, turizm potensialının daha da artmasına gətirib çıxaracaq.ÿ
Bir sözlə, bu prosesin həyata keçirilməməsinin müxtəlif açıqlamaları var. Ancaq istənilən halda Iranla viza rejiminin ləğvi Türkiyəyə qarşı ədalətsiz addım kimi qiymətləndiriləcək. Iranla viza rejiminin ləğvi, Türkiyə ilə münasibətlərə necə təsir göstərəcək?=
Sülhəddin Əkbər: «Iranla viza rejiminin ləğv olunacağına inanmıram, bu proses uzun müddət davam edəcək»
Milli Şura üzvü Sülhəddin Əkbər hesab edir ki, Iran rəsmisinin nikbin fikirlər səsləndirməsinə baxmayaraq, Azərbaycan tərəfi viza rejimini ləğv etməyəcək: “Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir və Iran-Azərbaycan münasibətlərində kifayət qədər problem var. Belə bir reallıqda Azərbacan tərəfinin viza rejimini ləğv edəcəyinə inanmıram. Iran rejiminin aqressiv xarici siyasəti davam edir və bu siyasətin bundan sonra da davam edəcəyini düşünürəm. Azərbaycan, qardaş ölkə adlandırdığımız Türkiyə ilə uzun müddətdir bu istiqamətdə danışıqlar aparır. Ancaq viza rejimi hələ də ləğv olunmayıb. Ona görə də Iranla da bu prosesin uzanacağını düşünürəm və yaxın gələcəkdə bu məsələnin həllini görmürəm”.
Akif