«NIGAR» klinikası prezidentin əmisi oğlunundur?
Teleaparıcı Ilham Mirzəyevin həbsinin klinikasının pasiyentlərinin şikayətlərindən qaynaqlandığı bildirilir. Bu isə ortada konkret zərərçəkənlərin olduğunu deməyə əsas verir. Bu qonuya baş vurmağımızın nədəni klinikalarla, bütövlükdə tibb ocaqları ilə bağlı şikayətlərdə hamıya bir gözlə baxılmamasıdır. Başqa sözlə, başlıcası tibb obyektinin, “klinik dələduzluğun” arxasında kimin dayanmasıdır.
Söz vaxtına çəkər, deyiblər. Ötən ilin aprelin 7-də Bakının Nizami rayonundakı “Nigar” klinikasında Qubadlıdan olan məcburi köçkün ailəsinin qız nəvəsi doğulub və ertəsi gün… (baxımsızlıqdan) ölüb. Klinika nəinki aldığı 1250 manat pulu qaytarıb, hətta zərərçəkənləri şikayət edəcəkləri halda meyidin ekshumasiyası ilə hədələyib. Fikir verin, klinikadakı ölüm faktı kommersiya marağı adına gizlədilib(??)! Bir ildən çoxdur məcburi köçkün ailəsinin ali hakimiyyət orqanlarına, baş prokurorluğa, Nizami Rayon Prokurorluğuna şikayətlərinə baxılmır. Ortada konkret ölüm faktı olsa da, prokurorluq cinayət işi qaldırmaqdan imtina edib. Maddi ziyana gəldikdə isə, klinikanın özəl və 1250 manatın xidmət haqqı kimi alınmasının qanuni olduğu bildirilib. Uşağı öldürməyə görə xidmət haqqı alınır? Heç demə, belə asan xidmət də varmış. Klinikanın kökü Qubadlıdan olan əməkdaşı yerlilərinə özlərini yormağın sonuc verməyəcəyini tibb obyektinin prezidentin əmisi oğluna məxsusluğu ilə izah edib. Məntiqə baxın, uşaq ölümünə prezidentlə qohumluğa görə haqq qazandırırlar.
“IlhaMED” klinikasında hələ ki ölüm faktı qeydə alınmayıb. Amma nə bilmək olar, bizdə olmayan fakta görə öncə tuturlar, sonra faktı sənədləşdirirlər…
M.Ağsu