Keçmiş təhsil naziri yenə Mikayıl Cabbarovu təriflədi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika Institutunun direktoru, sabiq Təhsil naziri Misir Mərdanov Mikayıl Cabbarovla münasibətlərinin gərgin olması barədə yayılan məlumatlara münasibət bildirib.
Sabiq nazir publika.az-a açıqlamasında deyib: “Hamısı boş söhbətlərdir, şayiələrdir. Mən bu cür yazılara fikir vermirəm. Mən yeni Təhsil naziri Mikayıl Cabbarovla düşmən deyiləm. Allaha şükür ki, hər şey çox normaldır. Bizim normal və səmimi münasibətlərimiz var və bu hər zaman da belə olacaq. Bir-birimizi görəndə də salamlaşırıq. Bu cür məlumatları ortaya atanlar düşmən qüvvələrdir”.
Misir Mərdanov ad çəkməsə də, “Azadlıq” qəzetinin dünənki sayında dərc edilən yazını nəzərdə tutub. Həmin yazıda Misir Mərdanovla Mikayıl Cabbarovun münasibətlərində problem olması barədə mülahizələr yer almışdı. Bu mülahizələrə səbəb isə Mikayıl Cabbarovun Nazirlər Kabinetində Ilham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə etdiyi çıxış və AMEA-nın tədbirində onun Misir Mərdanovla salaşmaması barədə xəbərlər idi. Qeyd edək ki, Mikayıl Cabbarov həmin müşavirədə təhsil ocaqlarına işəgötürmələr zamanı ciddi qanun pozuntularına yol verilməsi və təhsil müəssisələrinə məxsus ərazilərin zəbt olunması məsələlərini qaldırmışdı. Təbii ki, bütün bunlar Misir Mərdanovun dövründə baş verdiyindən yeni nazir ölkə başçısının qarşısında bu barədə arxayınlıqla danışmışdı. AMEA-dakı tədbir isə bu çıxışdan bir neçə gün sonraya təsadüf etmişdi. Həmin tədbirdə Mikayıl Cabbarovla Misir Mərdanovun salamlaşmaması barədə əksər saytlar məlumat yaymışdı. Lakin buna baxmayaraq Misir Mərdanov Mikayıl Cabbarovu tərifləmişdi və göründüyü kimi tərifləməkdə davam edir. Bu isə Misir Mərdanovun sələfilə konfliktə getmək niyyətində olmadığını göstərir. Ona görə yox ki, keçmiş təhsil naziri intriqa adamı deyil. Ona görə ki, Mikayıl Cabbarovun onun fəaliyyətini daha dərindən təftiş etməsindən ehtiyatlanır.