Millət vəkili Hesablama Palatasının ortaya çıxardığı qanunsuzluqları törədənlərin cəzalandırmadığını deyir
Vahid Əhmədov: «Satınalmaların daha şəffaf həyata keçirilməsi üçün şərait yaradılmalıdır»
Azərbaycanda dövlət müəssisələrinin həyata keçirdiyi satınlamalar korrupsiya mənbəyi kimi qalmaqdadır. Dəfələrlə bu kimi hallarla bağlı mətbuatda məlumatlar yayılıb. Bir neçə gün əvvəl qəzetimizdə Lerik rayonu təhsil şöbəsində baş verən saxtakarlıq, soyğunçuluq və mənimsəmə hallarından bəhs edilirdi.
Məsələn, məlum olub ki, bir əl topunun alınmasına 120 manat, saniyəölçənə isə 60 manat pul silinib. Bu təkcə bir rayonda ortalığa çıxan faktlardır. Əksər dövlət idarələrində avadanlıqlar və digər ləvazimatların pərakəndə satışda olan qiymətdən xeyli baha qiymətə rəsmiləşdirilir. Bu isə satınalmalarda ciddi korrupsiya faktlarının olduğunu deməyə əsas verir.
Lakin bununla bağlı müvafiq qurumlar araşdırma aparmır. Dövlət qurumlarının fəaliyyətindəki qeyri-şəffaflıq isə bu kimi neqativ hallara geniş imkan açır.
Bu günlərdə Milli Məclisdə Hesablama Palatasının hesabatı zamanı da bu məsələyə toxunulub. Millət vəkili Vahid Əhmədov Hesablama Palatasının ortaya çıxardığı qanunsuzluqları törədənlərin bəzi nazirliklərdə cəzalandırmadığını bildirib. Onun sözlərinə görə, 2013-cü ildə Təhsil Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi sistemində müəyyən qanun pozuntularına rast gəlib. “Bu gün yeni layihələrə 1 milyard dollara qədər vəsait ayrılıb. Istərdim ki, bu layihələrə də Hesablama Palatası nəzarət etsin”. Deputat satınalmalarla bağlı qanuna yeni təklif də irəli sürüb.
“Azadlıq”a açıqlamasında Vahid Əhmədov Dövlət Satınalmaları Haqqında qanunun çoxdan qəbul edildyini və orda müəyyən dəyişikliklərə ehtiyac olduğunu bildirdi. Ilk növbədə satınalmaların daha şəffaf həyata keçirilməsi üçün şərait yaradılmalıdır. Tender və digər məsələlər həllini tapmalıdır. Dövlət idarələrində avadanlıqların, digər ləvazimatların alınması elə həyata keçirilməlidir ki, mübahisə doğuran məsələlər yaranmasın.
Fizzə