Azərbaycanlı müğənni Natəvan Həbibi may ayının 17-i Laçın rayonunun işğal olunduğu gün konsert verməyə hazırlaşır.
Son zamanlar ətrafında gəzən qalmaqallarla medianın gündəmindən düşməyən ifaçı susqunluğuna son qoyub. Efirlərdən uzaq düşən və xeyli müddətdir konsert verməyən Natəvan sevənlərinin qarşısında çıxış etmək qərarına gəlib. İfaçı may ayının 17-i saat 19:00-da Heydər Əliyev sarayında “Dinlə” adlanan konsert proqramı ilə çıxış edəcək.
Amma ən maraqlısı isə budur ki, konsertinə hazırlıqlar görən ifaçı 1992-ci il may ayının 17-i Azərbaycanın Laçın rayonunun ermənilər tərəfindən işğal olunduğunu unudub. Natəvanın yadına salmaq lazımdır ki, konsert verməyi planladığı gün qanlı həriflərlə tariximizə həkk olunub. İşğal 17 maydan başlanıb və 18 may tarixində tam bitib (ans press).
Eyni zamanda Heydər Əliyev Sarayının rəhbərliyini də bu məsələdə qınaqdan kənarda qoymaq olmaz. Hər halda sarayda tədbirlərin günləri onun rəhbərliyi ilə razılaşdırılır. Və Natəvan Həbibiyə konsert vermək istədiyi tarixin Laçının işğal gününə düşdüyünü xatırlada bilərdilər. Əlbəttə, əgər özləri bunu xatırlayıblarsa…